6-7 aprel tarixində Şusa şəhərində Azərbaycan Milli Konservatoriyası Muğam (Xanəndə) kafedrası, AMK nəzdində “Səsin tədqiqi” elmi laboratoriyası və “Azerbaijan Voice Orqanization LLC”nin birgə layihəsi olan Ümumdünya Səs Gününə və Şuşa şəhərinin 2024-cü il üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər paytaxtı” seçilməsinə həsr olunmuş “Şusanın səsi -Azərbaycanın səsi 2” Dəyirmi Masa və Elmi-Praktik Konfrans keçirilib. Elmi-praktik konfrans Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb, Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb.
Konfransı ön sözlə Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova açıb və ardınca onun “Bülbülün elmi irsində Azərbaycanda oxuma sənəti və məktəbi haqqında” mövzusunda məruzəsi dinlənilib. Daha sonra Muğam (Xanəndə) kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimov “Müasir dövrdə xanəndə sənətinin tədrisinə dair”, “Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorff “Azərbaycan muğam ifaçılarının sağlamlığı və rifahı” mövzusunda məruzələri təqdim olunub.
Azərbaycan Milli Konservatoriyasının professoru, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə, AMEA-nın aparıcı elmi işçisi, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Ümumdünya Səs Günü Azərbaycan Milli koordinatoru, dosent, tibb üzrə fəlsəfə doktoru, “Lor hospital səs mərkəzi”nin rəhbəri Ramil Həşimli, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq artisti Nəzakət Teymurova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllimi Qəzənfər Abbasov, Azərbaycan Milli Konservatoriyasının dosenti, Respublikanın Əməkdar artisti Təyyar Bayramov, Azərbaycan Milli Konservatoriyasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Fəxrəddin Baxşəliyev, Azərbaycan Milli Konservatoriyasının müəllimi və Tələbə elmi cəmiyyətinin rəhbəri, gənc alim Fərdin Məhəmmədzadə maraqlı və aktual mövzularda çıxışlar ediblər. Konfrans çıxışları musiqi nömrələri ilə növbələşib: Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllimi Qəzənfər Abbasov, 5-ci Muğam müsabiqəsinin qalibi, AMK-nın magistr tələbəsi Sədəf Budaqova, 4-cü muğam müsabiqəsinin qalibi, AMK-nın məzunu Gülzar Fərəcova və onları müşayiət edən Azərbaycan Milli Konservatoriyasının İnstrumental muğam kafedrasının müəllimi Oqtay Şərifov, Azərbaycan Milli Konservatoriyasının konsertmeystri İlhamiz İsmayılov bir birindən rəngarəng musiqi nömrələri nümayiş etdiriblər.
AMK-nın “Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorffun təşəbbüsü və təşkilatçılığı ilə Muğam (Xanəndə) kafedrasının, “Azerbaijan Voice OrqanizationLLC”nin birgə layihəsi olan bu konfransda “Azərbaycan muğam ifaçılarının səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi”, “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti” və “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” mövzusunda elmi müzakirələr də öz əksini tapıb.
İştirakçılar gələcəkdə Şuşada daha böyük elmi tədbirlərin keçirilməsi haqda arzularını dilə gətiriblər. Qeyd etməliyik ki, Elmi-Praktik Konfransda fəxri qonaq qismində Şuşa Şəhəri Dövlət Qoruq İdarəsinin icraçı direktoru Tural Novruzov iştirak edib. Artıq ikinci dəfədir ki, mədəniyyət paytaxtımız Şuşada keçirilən Elmi-praktik konfrans xoş təəssüratlarla başa çatıb.
Azərbaycan Milli Konservatoriyası Ümumdünya Səs Gününə həsr olunmuş bir konfransın da bu cür yüksək səviyyədə keçirilməsinə vəsilə olub. Bütün tədbir iştirakçılarını təbrik edir, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimiyə, Elmi işlər üzrə prorektor Lalə Hüseynovaya, Muğam (Xanəndə) kafedrasının müdiri Mənsum İbrahimova, AMK-nın nəzdində “Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri Aleksandriya Sultan fon Brüseldorffa təşəkkürümüzü bildiririk. Uğurlar diləyirik.