Bu laboratoriya Azərbaycan Milli Konservatoriyası Elmi Şurasının 22 aprel 2022-ci il, 7 saylı iclasının qərarı ilə ictimai əsaslarla yaradılıb. Laboratoriyaya iş üçün müvafiq məkan ayrılıb və artıq bir sıra lazımi avadanlıqlarla təchiz olunub.   Laboratoriyanın rəhbəri – Aleksandriya Sultan fon Brüseldorfdur.

Laboratoriyanın təşkilatçılığı ilə 16 aprel Ümumdünya Səs Günündə Şuşa şəhərində “Şuşanın səsi – Azərbaycanın səsi” adlı təqdimat / konsert keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Ön sözlə  tədbiri  AMK-nın elmi işlər üzrə prorektoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova açdı. Tədbirdə dünya şöhrətli alim, səsin akustikası üzrə tədqiqatçı, elmlər doktoru, İsveç Kral Texnologiya İnstitutunun fəxri professoru, Ümumdünya səs günü layihəsinin əsas təşəbbüskarı və təşkilatçısı Yohan Sundberqin  İsveçdən videosalamlaması yayımlandı.  Daha sonra “Şuşanın səsi Ümumdünya səs günündə: Azərbaycan muğam ifaçılarının (xanəndələrin) səs aparatının akustik və fizioloji xüsusiyyətlərinin tədqiqi” adlı şıxış-təqdimatla “Səsin tədqiqi” elmi laboratoriyasının rəhbəri  Aleksandriya Sultan von Brüseldorf  çıxış etdi. “Şuşanın təbiəti, səsləri və oxuma mədəniyyəti” adlı məruzə ilə etnomusiqiçünas-alim, AMK-nın professor, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə,  “Qarabağ xanəndəlik sənətinə dair bəzi mülahizələr” adlı məruzə ilə AMEA-nın Memearlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırova, “Azərbaycan muğam xanəndəlik sənəti foniatrik tədqiqatlarda” adlı məruzə ilə tibb üzrə fəlsəfə doktoru, dosent Ramil Həşimli çıxış etdilər. Məruzələr arası AMK-nın müəllimlərindən ibarət muğam triosunun ifasında   (Bəyimxanım Vəliyeva, Rövşən Qurbanov, Ceyhun Muradov) muğam fraqmentləri ifa edildi.