“Muğam – bu fəlsəfədir”

Siyavuş Kərimi

 

 

Siyavuş Əşrəf oğlu Kərimi  – Bəstəkar, Xalq Artisti, professor, Azərbaycan Milli Konservatoriyasının rektoru.

Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakı şəhərində anadan olub. 1961-69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969-72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib. Ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub.

1972-77-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib.

1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, “Azkonsert”, “Aşıqlar” qrupunun, “Cəngi” estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin musiqi rəhbəri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib.

2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektoru, ‘Milli musiqinin tarixi və nəzəriyyəsi’ kafedrasının professorudur.

Beynəlxalq miqyaslı bir çox layihələrin müəllifi, onlarla film musiqisinin bəstəkarıdır. ‘Şöhrət’ ordenlidir.