Oktyabrın 24-də Azərbaycan Milli Konservatoriyasında ali məktəbin nümayəndə heyətinin Almaniyanın Frayburq Universitetinə xanəndə səslərinin tədqiqi ilə bağlı elmi tədqiqat səfəri haqqında mətbuat konfransı və səfərin nəticələri barədə seminar keçirilib.
AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, dəvət olunmuş qonaqlar, Konservatoriyanın professor-müəllim heyəti və tələbələr seminarda iştirak ediblər.
Seminarda AMK-nın professorları, Elmi işlər üzrə prorektor, Lalə Hüseynova, Xalq artisti Mənsum İbrahimov və Konservatoriyanın Doktorantı Aleksandria Sultan von Bruseldorf çıxış edərək, tədqiqat və səfərlə bağı təsüratlarını bölüşüblər.
Bildirilib ki, AMK-nın nümayəndə heyəti, Frayburq Universitetinin professoru Yurgen Henningin rəhbərliyi ilə “Radiologiya və Tibbi Fizika” kafedrasında muğam ifaçılarının səslərinin elmi araşdırılmasında iştirak etmişdir.
Tədqiqat, AMK-nın doktorantı Aleksandria Sultan von Bruseldorfun “Muğam ifaçılarının vokal aparatının akustik və fizioloji xüsusiyyətləri” adlı tədqiqat layihəsi çərçivəsində aparılıb.
Qeyd edək ki, o, görkəmli qarmon ifaçısı Kor Əhədin nəticəsidir.
Tətqiqatda AMK-nın 4-cü kurs tələbəsi Sədəf Budaqova da iştirak edib.
Professor Lalə Hüseynova çıxışında bildirib ki, tədqiqatın keçirildiyi Freiburg Universitetinin klinikası, bir neçə il ərzində ən son texnologiyalardan istifadə etməklə müxtəlif vokal səsləri araşdıraraq səsin fizioloji və akustik parametrlərinin öyrənildiyi dünyada azsaylı tibb müəssisələrindən biridir. 100-ə yaxın opera vokalçısının, rok musiqi janrından repə qədər müxtəlif istiqamətlərdə ifaçıların səs aparatları araşdırılıb öyrənilsə də şərq ifaçılıq üslubunun, xüsusilə Muğam ifaçılarının səs aparatının tədqiqi ilk dəfə qeydə alınıb.
“Tədqiqat prosesinin özündə müəyyən çətinliklər var idi. Belə ki, xanəndələr vokal sənətinin imkanlarını tamamilə qeyri-adi bir mühitdə göstərməli idilər. Mənsum İbrahimov və tələbəsi Sədəf Budaqova bu çətin və qeyri-adi sınaqdan uğurla çıxdılar və beləliklə ilk dəfə olaraq Azərbaycan muğam ifaçılarının səs aparatları MRİ aparatından istifadə edilərək qeydə alındı” deyə professor bildirib.
Seminarda həmçinin qeyd olunub ki, Azərbaycan xanəndələrinin səs aparatlarının bu şəkildə öyrənilməsi AMK-nın doktorantı Aleksandria Sultan von Bruseldorfun elmi işləri sayəsində həmin universitetdə ilk dəfə həyata keçirildi və alman mütəxəssislərinin böyük marağına səbəb oldu. Bu tədqiqat, Aleksandria Sultan von Bruseldorfun dissertasiyasında diqqətlə təhlil edilərək əlavə edildi və şübhəsiz ki, belə bir böyük layihə səsin fizioloji və akustik xüsusiyyətlərin öyrənilməsinə mühüm töhfə verəcəkdir.