• Elmi İşlər Üzrə
  • İnzibati Təsərrüfat İşləri Üzrə
  • Tədris İşləri Üzrə
  • Azərbaycan Milli konservatoriyasının elmi işlər üzrə prorektoru,Musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Lalə Hüseynova.

    Hüseynova Lalə Şirməmməd qızı 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini əla attestatla, 1985-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Tarix-nəzəriyyə” fakültəsini fərqlənmə diplomu ilə musiqişünas, musiqi tənqidçisi və musiqi-nəzəri fənlərin müəllimi ixtisasları üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqında başlamış və 30 ilə yaxın bir dövrdə məsləhətçi, baş məsləhətçi, məsul katib ( 2002-2012) və katib (2012-2014) vəzifələrində çalışmışdır. 1987-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, 1990-2019-illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur. 2005-2015-ci illərdə əvəzçilik ilə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında “Türk xalqlarının musiqisi”, “Mənbəşünaslıq”, “Azərbaycan xalq musiqisinin əsasları”, “İxtisas” fənlərindən dərs demiş, 2008-ci ildən həmin kafedranın dosenti olmuşdur. 2005-ci ildə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Bəstəkarlar İttifaqının rolu və əhəmiyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdü. 2006-2018-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Estetika” kafedrasında “Dünya musiqi mədəniyyəti tarixi”, “Azərbaycan musiqi tarixi” fənləri üzrə baş müəllim vəzifəsində çalışmışdır.

    L. Hüseynova 2015-ci ildən Azərbaycan Milli Konservatoriyasında Elmi işlər üzrə prorektor, 2016-cı ildən “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professorudur. Eyni zamanda “Konservatoriya” elmi jurnalının baş redaktorudur.

    Xüsusi qeyd etmək istərdik ki, bu yaxınlarda L. Hüseynovanın uzun illər tədris etdiyi və proqramlarını yazdığı “Türk xalqlarının musiqisi” fənnindən ilk böyük dərs vəsaiti işıq üzü görmüşdür. Burada əksər türk xalqlarının ənənəvi musiqisi barədə kifayət qədər məlumatlar, elmi müddəalar öz əksini tapmışdır. Bu vəsaitin hazırlanması prosesində L. Hüseynova dəfələrlə bir sıra türksoylu ölkələrə səfər etmiş, bu sahədə geniş əlaqələr qurmuş və bunun nəticəsidir ki, Azərbaycan Milli Konservatoriyasında bu aktual mövzu ilə əlaqədar bir sıra mötəbər konfranslar, o cümlədən Milli Konservatoriyada ilk dəfə olaraq Musiqi təhsili üzrə Beynəlxalq İSME təşkilatının Bakıda keçirilən dünya konfransı çərçivəsində “Türk xalqlarının musiqisi” adlı ayrıca elmi sessiya təşkil edilmiş və bu sessiyaya müxtəlif ölkələrin musiqi üzrə tanınmış türkoloq alimləri qatılmışdı.

    Elmi işlər üzrə prorektor kimi çalışdığı müddətdə L. Hüseynova Milli Konservatoriyada elmi mühitin canlanması işinə öz töhfəsini vermişdir. Ali musiqi ocağımızda beynəlxalq elmi konfransların keçirilməsi ənənəsinin başlanmasını xüsusi qeyd etmək lazımdır. O, bu layihələrin bilavasitə təşəbbüskarı və təşkilatçısı olub. 2017-ci ildə ilk dəfə olaraq keçirilən “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda Beynəlxalq elmi-praktik konfransda 10-yaxın xarici ölkədən, o cümlədən ABŞ, Kanada və Yaponiyadan nüfuzlu alimlər iştirak etmişdi. Daha sonra 2018 və 2022-ci illərdə baş tutmuş beynəlxalq konfranslarda çox böyük mövzu dairəsi əhatə edilmişdi. Eyni zamanda AMK rəsmi orqanı olan “Konservatoriya” elmi jurnalının müasir dövrün tələblərinə uyğun (rəsmi saytın hazırlanması, beynəlxalq redaksiya heyətinin qurulması və s.) hazırlanması, habelə elmi axtarışların və tədris prosesinin müzakirəsinə həsr olunmuş seminar və müzakirələrin mütəmadi xarakter alması, Tələbə Elmi cəmiyyətinin işinin canlanması L. Hüseynovanın fəaliyyətinin nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, 2015-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasında xarici tələbə və müəllim heyətinin elmi təcrübəyə gəlməsi də mütəmadi xarakter almışdır. L. Hüseynova dəfələrlə Təhsil və Elm nazirliyinin təşkilatçılığı ilə keçirilən Gənc Tədqiqatçıların respublika konfransında musiqişünaslıq üzrə bölmə iclaslarının moderatoru təyin edilmişdir.

    L.Hüseynovanın yaradıcılığında maarifçilik və lektorluq fəaliyyəti də geniş yer tutur. O, 1985-ci ildən etibarən müxtəlif illərdə televiziyada 100-ə yaxın musiqi verlişlərinin – “Xaqani, 27 – Azərbaycan Bəstəkarlar İttifaqından”, “Opera musiqisinin şedevrləri”, “Bəstəkar və ifaçılarımızın portreti”, “Azərbaycan musiqisində qəhrəmanlıq mövzusu”, “Kino və musiqi”, “Musiqi xəzinəsi”, “Musiqili ekran” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Mütəmadi olaraq konsert və musiqi gecələrində ön sözlə çıxış edir.

    L. Hüseynova Azərbaycan musiqi mədəniyyətində göstərdiyi xidmətlərə görə və Milli Konservatoriyanın 20 illiyi ilə əlaqədar 2020-ci ildə Respublika Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar incəsənət xadimi” Fəxri adına layiq görülmüşdür.

  • Prorektor

    Qasımzadə Sevil Qasım qızı

    Əməkdar mədəniyyət işçisi

    2 avqust 1963 cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbayca Dövlət İnşaat və Mühəndisləri İnstitutunda təhsil almışdır. Ali təhsili başa vurduqdan sonra tikinti və bank sektorunda çalışmışdır.

    2001-ci ildən Azərbaycan Milli Konservatoriyasında “İnzibati təsərrüfat işləri üzrə prorektor” vəzifəsində işləyir.

    2015 ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.

  • Prorektor

    Malik Bayram oğlu Quliyev

    Respublikanın  Əməkdar  müəllimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

    Malik Quliyev 1952-ci il aprel ayının 29-da Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1960-1969-cu illərdə  orta  məktəbdə təhsil alıb. 1969-1972-ci illərdə A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbində tar sinfini bitirib, təyinatla Cəbrayıl rayon Uşaq Musiqi məktəbinə tar müəllimi göndərilmişdir.

    1973-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1976-1981-ci illərdə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və xalq  çalğı alətləri  orkestrinin dirijoru ixtisası üzrə təhsil almışdır.

    1977-2000-ci  illərdə S.Hacıbəyov adına Sumqayıt Musiqi  Texnikumunda (indiki  Musiqi Kolleci) konsertmeystr, müəllim, Fənn Birləşmə Komissiyasının  sədri və  direktoru,  1985- 1992-ci illərdə S.Rüstəmov adına  Sumqayıt  3 saylı Uşaq Musiqi məktəbinin direktoru,  eləcə də 1977-2002-ci illərdə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri kafedrasında  müəllim, baş müəllim, dosent, 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında dosent, “İnstrumental muğam” kafedrasının müdiri, professor, 2015-ci ildən Tədris işləri üzrə  prorektoru vəzifəsində çalışır.

    1996-cı ildə görkəmli musiqişünas alim  professor, xalq artisti  Ramiz Zöhrabovun  rəhbərliyi ilə “Azərbaycan xalq və professional musiqi janrlarının  inkişafında sazəndə ifaçılıq sənətinin rolu” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

    O, həmçinin dərslik, 3 dərs vəsaiti, 2 metodik vəsait  və çoxsaylı elmi məqalələrin müəllifidir.

    2008-ci ildə tədrisdəki nailiyyətlərinə görə ölkə başçısı cənab İlham Əliyevin  sərəncamı ilə ona “Əməkdar müəllim”  fəxri adı verilmişdir.