“Enactus” tələbələrin beynəlxalq biznes ideyaları müsabiqəsində Azərbaycan Milli Konservatoriyasının (AMK) komandası 1-ci yerə laiq görülüb və Azərbaycanı Dünya kubokunda təmsil etmək hüququ qazanıb.

Belə ki, mayn 27-də ənənəvi olaraq bu il də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə XII Milli Yarış keçirilib. “Enactus Azərbaycan” Milli Yarışı üzrə 6 komanda mübarizə aparıb.

Sonda isə AMK-nın üzvləri, ‘Əzgilşərabı’ layihəsi ilə “Enactus Azərbaycan 2017”nin qalibi olublar və 2017-ci ilin Sentyabr ayında Böyük Britaniyanın paytaxtı London şəhərində keçiriləcək dünya finalında Azərbaycanı təmsil etmək hüququ qazanıblar.

AMK-nın Enactus komandasının tərkibi aşağıdakı şəkildədir.

Komandanın rəhbəri -“Tarix-nəzəriyyə” fakültəsinin dekanı Cəmilə Mirzəyeva

Komanda üzvləri:

  • Pərvanə Əliyeva (kapitan)
  • Atabəy Hüseynzadə
  • Siruz Məmmədli
  • Ülkər İbrahimova
  • Vasif Əliyev
  • Siruz Məmmədli
  • Gülxanım Əsədzadə
  • Fidan Ağayeva
  • Aişə Aslanova

“Enactus” proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsasında müəyyən edilir. Proqram həm də gənclər üçün biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılmış bir platforma kimi çıxış edir.

Gənclərin sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, tələbələr arasında azad sahibkarlıq ideyasının təbliği, onlarda təşkilatçılıq, idarəçilik bacarığı və komanda ruhunun inkişaf etdirilməsi “Enactus” proqramı üzrə milli yarışların keçirilməsini labüd edən əsas məqsədlərdəndir.

Qeyd edək ki, “Enactus Azərbaycan-2017” layihəsi çərçivəsində keçirilən Biznes Forumda və XII Milli Yarışda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-a Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun nümayəndələri, Azərbaycanın öndə gedən şirkətləri və bankları iştirak edib. Müsabiqənin açılış mərasimində AMK-nın tələbələri musiqi proqramı ilə çıxış ediblər.