
29 iyul–3 avqust tarixlərini əhatə edən XV Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günü çərçivəsində təşkil olunan “Muğam axşamı” konsertində Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının müəllimləri, Əməkdar artist Təyyar Bayramov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar artist Bəyimxanım Vəliyeva, beynəlxalq müsabiqələr laureatı Mirələm Mirələmov, Konservatoriyanın tələbələri Nuray Hacızadə və Rəvanə Ağamirova, məzun Kənan Novruzov iştirak ediblər.
Onları “Xalq çalğı alətləri” kafedrasının dosentləri, Əməkdar artistlər Sahib Paşazadə və Çinarə Heydərova, “İnstrumental muğam” kafedrasının dosenti, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əsədullayev və Rüstəm Müslümov müşayiət ediblər.
Beynəlxalq festivalın ənənəvi proqramlarından biri olan “Muğam axşamı”nda “Dilkəş”, “Bayatı-Şiraz”, “Segah” və “Şur” təsniflər, N. Feyzullayevin “Ay qız” əsəri, “Vətən” kompozisiyası və “Qarabağ şikəstəsi” zərbi muğamı tamaşaçılara təqdim olunub.
Qədim muğam ənənələrinin peşəkar ifaçılar tərəfindən yüksək sənətkarlıqla təqdim edilməsi tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qeyd etməliyik ki, XV Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan Milli Konservatoriyasının “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist, Prezident mükafatçısı Emil Əfrasiyab,”Xalq çalğı alətləri” kafedrasının müəllimi, Əməkdar artist Şəhriyar İmanov, eləcə də tələbələr Samid Xudatlı və Sara Hüseynova da iştirak edərək yüksək peşəkarlıq nümayiş etdiriblər.
Festival bir-birindən maraqlı və rəngarəng musiqi nömrələri ilə öz işini davam etdirir.


















