İyunun 14-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən, professor Vamiq Məmmədəliyevin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Mədəniyyət nazirinin müavini, Xalq artisti Murad Hüseynov, ali təhsil müəssisələrinin rektorları, ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, AMK-nın elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru Lalə Hüseynova, təhsil məsələləri üzrə prorektoru Nizami Əsədov, eləcə də Konservatoriyanın əməkdaşları və professor-müəllim heyəti iştirak ediblər.
Professor Kamilə Dadaş-zadə çıxış edərək yubilyarı təbrik edib. O, çıxışında Vamiq Məmmədəliyevin Azərbaycan musiqi mədəniyyətinin, xüsusilə muğam sənətinin qorunması, inkişafı və təbliği istiqamətində böyük xidmətlər göstərdiyini vurğulayıb.
Yubiley gecəsinin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının Muğam xanəndə kafedrasının müdiri, Xalq artisti Mənsum İbrahimov, AMK-nın müəllimləri — Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, AMK-nın professoru, Xalq artisti Nəzakət Teymurova və digər tanınmış sənətkarlar çıxış ediblər.
Azərbaycan Milli Konservatoriyası adından Xalq artisti, tarzən, professor Vamiq Məmmədəliyevi 80 illik yubileyi münasibətilə təbrik edir və yaradıcılıq fəaliyyətində yeni uğurlar arzulayırıq.




