14 sentyabr 2026-cı il tarixində İsveçrənin Montrö şəhərində keçirilən 80-ci “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində, Azərbaycanın fəxri qonaq kimi təmsil olunduğu və məşhur “Auditorium Stravinski” səhnəsində təqdim olunan təntənəli qala-konsertdə Azərbaycan Milli Konservatoriyasının “Muğam (xanəndə)” kafedrasının professoru, Xalq artisti Alim Qasımov iştirak edib.

İsveçrənin Montrö şəhərində keçirilən 80-ci “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində “Auditorium Stravinski”də təşkil olunan Azərbaycan mədəniyyəti qala-konsertində ölkəmizin mədəniyyət və incəsənət nümayəndələri, eləcə də geniş tərkibli Azərbaycan nümayəndə heyəti iştirak edib.

200-ə yaxın azərbaycanlı sənətçinin qatıldığı festival proqramında milli musiqi mədəniyyətimizin klassik musiqi, opera, muğam və caz daxil olmaqla müxtəlif istiqamətləri beynəlxalq auditoriyaya təqdim olunub.

Azərbaycanın tanınmış sənətçilərinin çıxış etdiyi konsertdə Xalq artisti Alim Qasımov “Qaragilə” Azərbaycan xalq mahnısı ilə yadda qalan çıxış edib. Sənətkarın özünəməxsus ifası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.