
08 may 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Konservatoriyanın Muğam zalında xoreoqraf, tədqiqatçı və ifaçı Sashar Zarif tərəfindən “Xoreo-kompozisiya: Bədən vasitəsilə dinləmə” mövzusunda master klass keçirilib.
Görüş bədən, səs və dinləmə münasibətlərinin praktik şəkildə araşdırılmasına həsr olunub. Tədbir çərçivəsində iştirakçılar nəfəs, diqqət, ritm, sükut və daxili eşitmə üzərində qurulan müxtəlif məşqlərdə iştirak ediblər. Master klass zamanı meditativ yanaşmalar, kollektiv dinləmə praktikaları, hərəkət və zikr elementləri vasitəsilə musiqinin bədən və şüur vasitəsilə dərk edilən çoxqatlı bir təcrübə olduğu nümayiş etdirilib.
Sashar Zarif özünün beynəlxalq rezidensiyalar və uzunmüddətli xoreo-kompozisiya təcrübəsinə əsaslanan metodologiyası haqqında danışaraq, “səslənən bədən” anlayışını iştirakçılarla bölüşüb. Təlim prosesi boyunca iştirakçılar musiqi ilə fiziki mövcudluq arasındakı əlaqəni təcrübədən keçirərək zamanlama və improvizasiya hissini fərqli aspektlərdən dərk etmək imkanı əldə ediblər.
İnteraktiv formada keçirilən master klass tələbələr tərəfindən maraqla qarşılanıb, musiqi və bədən münasibətlərinə multidissiplinar yanaşma baxımından diqqət çəkib.




