Martın 27-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Elm günü” münasibətilə görkəmli musiqişünas-alim, Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın xatirsəinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

“Elm, yaradıcılıq, axtarış və zəhmət” – E. Abbasovanın həyatını əks etdirən bu ifadə konfransın devizi olaraq qeyd olunub.

 

Konfransda AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazdə, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, konservatoriyanın müəllim-tələbə heyəti və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Konfrans AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynovanın Ön söz çıxışı ilə açıq elan edilib. L. Hüseynova Elm günü münasibətilə bütün konfrans iştirakçılarını təbrik edib və E. Abbasovanın yaradıcılıq yolundan söhbət açıb.

 

Konfransda, professorlar Z. Qafarova, G. Abdullazdə, BMA-dan Zümrüd Dadaşzadə, AMK-dan Ülkər Əliyeva, həmçinin A. Bayramova və E. Abbasovanın qızı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, Kamina Məmmədovanın da çıxışları yer alıb. Məruzəçilər professorun həyat və yaradıcılıq yolundan söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər.

 

2 saat davam edən konfrans müddətində AMK-nın müəllim və tələbə heyəti tərəfindən musiqi nömrələri təqdim olunub.