
13 iyun 2026-cı il tarixində Yunus Emre İnstitutu və Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində “Barışın Türküsü: Turandan Gələn Səda” adlı konsert proqramı keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin sədri, AMK-nın yaradıcılıq məsələləri üzrə mütəxəssisi Zeynəb Bağır açaraq, “Ün” ansamblının yaranma məqsədi, konsertin ideyası və proqram haqqında məlumat verib. Qeyd olunub ki, proqramda Azərbaycan və Türkiyə musiqisinin seçilmiş nümunələri, eləcə də AMK TEC-in nəzdində fəaliyyət göstərən “Ün” ansamblının repertuarından əsərlər təqdim olunacaq.
Daha sonra Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Gökhan Seyhan iştirakçıları salamlayaraq iki qardaş xalqın mədəniyyətini özündə təcəssüm etdirən konsertin əhəmiyyətindən danışıb.
Ardınca Azərbaycan Milli Konservatoriyası Tələbə Elmi Cəmiyyətinin “Ün” ansamblı səhnəyə dəvət olunub. Bədii rəhbər Araz Ghaseminin (tar) rəhbərliyi altında ansamblın üzvləri Reza Mohammədi (kamança), Samidə Məmmədova (qanun), Yusif Qocayev (bağlama), Kənan Sadıqov (kontur saz), Firuzə Qədimalıyeva (fortepiano), Vüsal Bayramov (nağara) və Loğman Məmmədov (zərb alətləri) dolğun məzmunlu musiqi nömrələri ilə çıxış ediblər.
Konsert proqramında solistlər Nərmin Mirzəyeva, Azər Çələbiani, Ramil Abbasov və Rauf Cəfərov Azərbaycan və Türkiyə xalq və bəstəkar musiqisinə aid əsərlər səsləndiriblər.
Tədbirin sonunda konsertin yaradıcı heyətinə Təşəkkürnamələr təqdim edilib.
























