
Görkəmli bəstəkar, Azərbaycan Respublikasının xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Tofiq Bakıxanov vəfat edib.
Azərbaycanın milli musiqi mühitində yetişən Tofiq Bakıxanov görkəmli tarzən, ustad sənətkar, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açmışdır.
Yaradıcılığı boyu Azərbaycanın zəngin ənənəvi musiqisi, muğam sənəti və xalq musiqiçiləri ilə sıx bağlı olan Tofiq Bakıxanov bu zəngin musiqi mühitindən bəhrələnərək milli musiqimizin inkişafına mühüm töhfələr verib. “Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah” kimi simfonik muğamları, tar və simfonik orkestr üçün konsertləri, eləcə də çoxsaylı digər əsərləri onun Azərbaycanın milli musiqi irsinə dərin bağlılığını və sənətə yüksək peşəkar münasibətini əks etdirir.
Tofiq Bakıxanov Azərbaycan Milli Konservatoriyasının “Xalq çalğı alətləri” kafedrasının dövlət imtahanlarında uzun illər komissiya sədri olmuşdur. Ustad sənətkar eyni zamanda Azərbaycan Milli Konservatoriyasında dəfələrlə müəllif konsertləri keçirməklə Azərbaycanın milli musiqi təhsilinə verdiyi böyük dəyəri və xüsusi münasibətini nümayiş etdirib.
Azərbaycan Milli Konservatoriyası olaraq görkəmli sənətkarın vəfatından dərin kədər hissi keçirir, ailəsinə, doğmalarına və bütün sənət ictimaiyyətinə başsağlığı veririk.