18–20 sentyabr 2026-cı il tarixlərində Bakıda XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən, ICESCO-nun Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə I Türk Dünyası Bəstəkarlar Qurultayı keçirilib.
Qurultay çərçivəsində təsis iclası və “Türk bəstəkarlıq məktəblərinin formalaşması və inkişafı: mədəni kimlik axtarışında” mövzusunda dəyirmi masa təşkil olunub. Bu əlamətdar tədbirlərin davamı olaraq sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində I Türk Dünyası Bəstəkarlar Qurultayına və 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş, Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin iştirakı ilə hazırlanan “Ənənəvi musiqi konserti” təqdim edilib.

Konsertdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, eləcə də XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına təşrif buyurmuş qonaqlar iştirak ediblər.

Konsertdə Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət “Miras” qədim musiqi alətləri ansamblı (bədii rəhbər – AMK-nın Dirijorluq kafedrasının müdiri, bəstəkar Pikə Axundova; qədim musiqi alətlərinin bərpası üzrə mütəxəssis – Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi-təcrübi laboratoriyasının müdiri Məmmədəli Məmmədov), Xalq artisti Elçin Həşimov, Əməkdar artistlər Emil Əfrasiyab, Şirzad Fətəliyev, Elnur Əhmədov və Təranə Əliyeva, Əməkdar müəllim Naibə Şahməmmədova, VIII Muğam Televiziya Müsabiqəsinin qalibi Ülkər Abdullayeva, IX Muğam Televiziya Müsabiqəsinin qalibi Aytac Bəybalayeva, IX Muğam Televiziya Müsabiqəsinin laureatları Kənan Dəvə və Rauf Cəfərov, Nihad Kamilli, Səyyar Teymurov, respublika və beynəlxalq müsabiqə laureatları Adəm Zərbəliyev, Orxan Qədirli və Həmid Həmidzadə, respublika müsabiqəsi qalibləri Tacir Alxanov, Nərmin Cəlilzadə və Elşən Məmmədov, Əkbər Osmanov, Cəfər Həsənov, Şükran Güləliyev, həmçinin “İnci” qrupunun üzvləri – respublika və beynəlxalq müsabiqə laureatları Aygül Qədirova, Ülviyyə Məmmədova, Elnarə Səmədova, Samidə Məmmədova, Sonaxanım Zeynalova, Leyla Tağıyeva, Zəhra Mədətova və Leyla Haşımova iştirak ediblər.

Konsertin aparıcısı Azərbaycan Milli Konservatoriyasının Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq üzrə mütəxəssisi Zeynəb Bağır olub.

Konsert proqramında Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixini və bədii ənənələrini əks etdirən qədim musiqi nümunələri, muğam və aşıq sənəti, xalq musiqisi, eləcə də görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən nümunələr təqdim olunub.

Milli musiqi irsinin müxtəlif janr və üslublarını özündə birləşdirən konsert “Vətən” kompozisiyası ilə yekunlaşıb.