9 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasında Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında irəli sürülən məsələlərin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və təşkilatın nümayəndə heyəti, Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər.
Rəsmi hissədən əvvəl iştirakçılar Konservatoriyanın inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə açılış nitqi ilə çıxış edib. Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək qurultayda irəli sürülən məsələlərə münasibət bildirib.
Müzakirələr zamanı Azərbaycan Milli Konservatoriyasının tədris işləri üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nizami Əsədov, Xalq artistləri Möhlət Müslümov və Ənvər Sadıqov, Konservatoriyanın “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist Emil Əfrasiyab, Konservatoriyanın Qiymətləndirmə və monitorinq şöbəsinin müdiri, Əməkdar artist Bəyimxanım Vəliyeva, Əməkdar artistlər Gülüstan Əliyeva və Nurlan Növrəsli, “Milli musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-təcrübi laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məmmədəli Məmmədov, Tələbə Elmi Cəmiyyətinin sədri, Elm, Yaradıcılıq və Beynəlxalq Əlaqələr Mərkəzinin yaradıcılıq üzrə mütəxəssisi Zeynəb Bağır da çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyinin bərpasından sonrakı inkişaf mərhələsi, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi və milli həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, bu istiqamətdə elm, təhsil və mədəniyyət müəssisələrinin üzərinə düşən vəzifələrin əhəmiyyəti vurğulanıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.













