14 oktyabr 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının “Qarabağ” zalında Konservatoriyada təcrübə keçən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələrinin iştirakı ilə “Qazax xalq musiqisi” mövzusunda mühazirə-konsert keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, Konservatoriyanın professor-müəllim heyəti, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının üzvləri iştirak ediblər.
Mühazirə-konsertdə qazax xalqının zəngin musiqi irsi, milli musiqi alətləri, küy sənəti, regional ifaçılıq məktəbləri və bəstəkarlıq ənənələri haqqında ətraflı məlumat verilib. Konsert proqramında qazax xalqının ənənəvi musiqi nümunələri, müxtəlif ifaçılıq məktəblərinə məxsus küylər və peşəkar bəstəkarların əsərləri səsləndirilib. Dombra və qıl-qobız kimi milli musiqi alətlərində təqdim olunan ifalar qazax musiqisinin melodik, ritmik və bədii ifadə xüsusiyyətlərini nümayiş etdirib.
Konsert proqramında Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələri Sara Kambarova, Erjanat Jarkınnur, Azamat Jaxanbek və Arujan Arıkbayeva çıxış ediblər. Mühazirə-konsertin aparıcıları isə həmin Konservatoriyanın musiqişünaslıq ixtisası üzrə təhsil alan tələbələri Nərgiz Temirqaliyeva və Marjanay Jumabekova olublar.
Tədbirin sonunda çıxış edən professor Lalə Hüseynova bildirib ki, artıq 11 ilə yaxındır Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələri hər il Azərbaycan Milli Konservatoriyasında təcrübə keçirlər. O, konsertdə səsləndirilən əsərlərin qazax xalqının qədim milli köklərini, tarixi yaddaşını, mənəvi dəyərlərini və azadlıq ruhunu əks etdirdiyini vurğulayıb. Qazax xalq musiqisi ilə Azərbaycan musiqisi, xüsusilə aşıq sənəti arasındakı ortaq cəhətlərə diqqət çəkərək iki konservatoriya arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Çıxışının sonunda professor Lalə Hüseynova qazaxıstanlı tələbələrə sertifikatlar təqdim edib.
















