16 mart 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında gənc pianoçu, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının X sinif şagirdi, Respublika və beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti Fərid Zeynalovun solo konserti keçirilib.
Konsert proqramında L.V. Bethovenin“Appassionata”, F.Şopenin “Nokturn”, Fərəc Qarayevin “Cənab Bi Layn – eksentrik”, Vaqif Mustafazadənin “Mart” və Rəhilə Həsənovanın “Jasmin ləçəkləri silsiləsi” adlı əsərləri səslənib.
Tədbirin aparıcılığını yüksək peşəkarlıqla Fərid Zeynalov özü həyata keçirib.
Konsertin sonunda gənc ifaçı müəllimi, fəlsəfə doktoru Sevda Ağayevanı səhnəyə dəvət edib. Müəllimi çıxışında şagirdinin istedadından söz açaraq, qarşıda onları birgə öyrənəcəkləri və həyata keçirəcəkləri çoxsaylı yaradıcılıq planlarının olduğunu bildirib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Milli Konservatoriyasının Elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova və Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova Fərid Zeynalovun istedadlı ifaçı olduğunu qeyd ediblər. Onun gələcəyin gözəl pianoçu olacağını vurğulayıblar.





