
16 iyun 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında “Azərbaycan Milli Konservatoriyası və AMK-nın nəzdində Sumqayıt Musiqi Kollecinin birləşmiş Saz Orkestri”nin konsert proqramı və təqdimatı keçirilib.
Konsertdən öncə Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə çıxış edərək, bu təşəbbüsü milli musiqi mədəniyyətimiz üçün mühüm sənət hadisəsi kimi qiymətləndirib.
Rektor saz sənətinin yeni ifaçılıq müstəvisində təqdim olunmasının əhəmiyyətini vurğulayaraq, layihənin ərsəyə gəlməsində əməyi olan Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səbinə Mehdiyevaya, bədii rəhbərlər Kamran Teymurov və AMK-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyevə, dirijor Aidə Məmmədtağıyevaya, eləcə də çətin məşq prosesində əzmlə iştirak edərək gözəl nəticə əldə etmiş tələbələrə təşəkkürünü bildirib.
Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Süleyman Ələsgərovun “Aşıqvari”, Səid Rüstəmovun “Qaytağı”, Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında fortepiano və orkestr üçün “Konsert”i, həmçinin Üzeyir Hacıbəylinin “Cəngi” əsəri səsləndirilib.
Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında fortepiano və orkestr üçün “Konsert” əsərində solist qismində SMK-nın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı Səbinə Mehdiyeva çıxış edib.
Ansamblın təqdimatı saz sənətinin qədim nəfəsini yeni ifaçılıq ruhu ilə birləşdirərək, milli musiqi yaddaşımızın çağdaş səhnədə yaşadılmasına və gələcək nəsillərə bir miras kimi ötürülməsinə xidmət edib.






