
18–22 may 2026-cı il tarixlərində Özbəkistana səfər çərçivəsində Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə Özbəkistan Dövlət Konservatoriyasında olub və Konservatoriyanın rektoru, professor Kamoliddin Urinbayev ilə görüşüb.
Səfər zamanı AMK rektoru Özbəkistan Dövlət Konservatoriyasının tədris və yaradıcılıq mühiti ilə tanış olub, ali musiqi təhsili sahəsində həyata keçirilən fəaliyyət, ixtisaslaşma istiqamətləri və yaradıcılıq prosesləri barədə məlumatlandırılıb.
Görüş zamanı Azərbaycan Milli Konservatoriyası ilə Özbəkistan Dövlət Konservatoriyası arasında əməkdaşlığın inkişafı məqsədilə memorandum imzalanıb.
Sənəd iki ali musiqi təhsili müəssisəsi arasında elmi, tədris və yaradıcılıq əlaqələrinin genişləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə və qarşılıqlı təcrübə mübadiləsinə xidmət edəcək.



