23–26 iyun 2026-cı il tarixlərində Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə Özbəkistan Respublikasının Namanqan şəhərində keçirilən UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində təşkil olunmuş “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusunda III beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi və elmi-praktik konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının dosenti, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, Beynəlxalq Muğam Mərkəzinin direktoru, tarzən Sahib Paşazadə də yer alıb.
Konfransda professor Kamilə Dadaş-zadə “Azərbaycan Milli Konservatoriyasının fəaliyyəti müasir mərhələdə: ənənə və innovasiyaların sinerjisi” mövzusunda çıxış edib.
Məruzədə AMK-nın milli musiqi təhsilinin inkişafı, ənənəvi irsin qorunması və müasir elmi-yaradıcı yanaşmalarla zənginləşdirilməsi istiqamətində fəaliyyəti diqqətə çatdırılıb.
Elmi-praktik konfransda Şərq məqam sənətinin müasir inkişaf istiqamətləri, ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi, milli musiqi irsinin qorunması və beynəlxalq səviyyədə təbliği ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.






