Azərbaycan Milli Konservatoriyasında daha bir tədbir baş tutdu. Belə ki, Konservatoriyanın “Dirijorluq” kafedrasının xor sinfinin konserti keçirildi. Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, baş müəllim Təranə Yusifovanın xormeyster və dirijoluğu ilə sözügedən kollektiv zəngin musiqi proqramı ilə çıxış etdi. Qeyd edək ki, konsertmeyster olaraq Bayramova Arzu və Əhmədova Svetlana çıxış edirdi. Konsertin proqramına Ü.Hacıbəyli “Leyli və Məcnun” operasından “Şəbi hicran” xoru, “Koroğlu” operasından “Çənlibel” xoru, “Arşın mal alan” musiqili komediyasından “Gülçöhrənin ariyası və “Asya ilə Tellinin duet” səhnələri, C.Cahangirov “Azad” operasından “Çahargah” xoru, “Füzuli” kontatasından “Məni candan usandırdı”, V.Adıgözəlov “Qarabağ şikəstəsi” oratoriyası, T.Quliyev “Ay qaşı gözü qara qız”, Xalq mahnısı “Ay qız sənə mailəm”, Rast təsnifləri daxil edilmişdi. Qeyd edək ki, proqramda yer alan bir sıra əsərləri xor üçün Təranə Yusifova və Adil Qafarov işləmişdir. Sonda isə Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi və Xalq artisti Ağaverdi Paşayev çıxış edərək xor musiqisinin əhəmiyyətindən söz açdılar.