30 sentyabr 2026-cı il tarixində Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ölkəmizə səfər edən Vyana Musiqi və İfa Sənəti Universitetinin (mdw) Populyar Musiqi şöbəsinin baş müəllimi, universitetin big.mdw.band kollektivinin bədii rəhbəri, Avstriyanın tanınmış trombon ifaçısı, bəstəkar, aranjimançı, dirijor və pedaqoq Markus Geiselhart Azərbaycan Milli Konservatoriyasının qonağı olub.

Qonağı Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə, elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, tədris məsələləri üzrə prorektor, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nizami Əsədov, rektorun müşaviri Səbinə Ənvərli, Konservatoriyanın müəllimi, Xalq artisti Salman Qəmbərov və digər nümayəndələr qarşılayıblar.

Görüş çərçivəsində qonağa Azərbaycan milli musiqisinin zəngin çalarlarını, müxtəlif janr və ifaçılıq ənənələrini, eləcə də beynəlxalq populyar musiqi nümunələrini bir araya gətirən iki hissədən ibarət konsert proqramı təqdim olunub.

Proqramda Azərbaycan Milli Konservatoriyasının müəllimləri – Əməkdar müəllim Naibə Şahməmmədova və Elvin Məcidov, həmçinin Konservatoriyanın tələbələri – Nihad Kamilli, VIII Muğam Televiziya Müsabiqəsinin qalibi Ülkər Abdullayeva, respublika müsabiqəsi qalibi Tacir Alxanov, respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Qədirli və Həmid Həmidzadə, eləcə də Vüqar Nəcəfov, Ayaz Əliyev, Pünhan Qocayev, Aylin Nağıyeva, Nihad İbadov, Əminə Hacıyeva və Sevil Əsədullayeva musiqi nömrələri ilə çıxış ediblər.

Tədbirin aparıcısı Azərbaycan Milli Konservatoriyasının Səsin Tədqiqi Elmi-Praktiki Laboratoriyasının müdiri Aleksandriya Sultan fon Brüseldorff (Sevinc Sultan-zadə) olub.

Görüş Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi ilə Azərbaycan Milli Konservatoriyası arasında beynəlxalq mədəni əlaqələrin qurulması və gələcək əməkdaşlığın təməlinin qoyulması baxımından əhəmiyyət daşıyıb.