
20 aprel 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının “Bakı” zalında Almaniyada fəaliyyət göstərən bəstəkar, musiqişünas və publisist Elmir Mirzəyevin Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş, Almaniyada nəşr edilmiş “Müasirlik və arxaika arasında: XX əsr Azərbaycan musiqi mədəniyyətində transregional təsirlər” adlı monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyi, professor-müəllim heyəti, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Təqdimat mərasimini Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə açaraq qonaqları salamlayıb, monoqrafiyanın işıq üzü görməsi münasibətilə Elmir Mirzəyevi təbrik edib. Rektor bu tədqiqatı müasir elmdə fənlərarası yanaşmaların metodoloji prinsiplərini əks etdirən uğurlu nümunələrdən biri kimi dəyərləndirib və bildirib ki, monoqrafiyada əsas məqsəd XX əsr Azərbaycan musiqi mədəniyyətinin müxtəlif tendensiyalar, coğrafi, mədəni, sosial-tarixi və transregional proseslər kontekstində araşdırılmasıdır.
Daha sonra çıxış edən Elmir Mirzəyev monoqrafiyanın mövzusu və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.
Onun məruzəsində XIX–XX əsrlərdə Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında mühüm rol oynamış transregional amillər, coğrafi-mədəni vektorlar arasındakı mürəkkəb qarşılıqlı təsirlər, eləcə də geosiyasi mühitin yaratdığı “sivilizasiya təzyiqi” fonunda maarifçi intellektual elitanın formalaşması prosesləri təhlil olunaraq təqdim edilib.
Müəllif həmçinin qeyd edib ki, monoqrafiyanın ana xətti Azərbaycanda dünyəvi mədəniyyətin əsasının qoyulmasında ictimai-siyasi proseslərin rolunun müəyyənləşdirilməsindən ibarətdir.
Təqdimat mərasiminin sonunda mövzu ətrafında müzakirələr aparılıb, auditoriya ilə fikir mübadiləsi baş tutub.







