26 sentyabr – 4 oktyabr tarixlərində Dubay şəhərində “Mehr” adlı beynəlxalq musiqi festivalı keçirilmişdir.
Dünyanın müxtəlif ölkələrindən musiqi qruplarının iştirak etdiyi beynəlxalq festivalda Azərbaycanı Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinin tələbələri : tar ifaçısı Araz Qasemi, kamança ifaçısı Reza Mohammadi və balaban ifaçısı Adəm Zərbəliyev təmsil etmişlər. Qrupun solisti “Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən muğam müsabiqəsinin “Qran-pri” mükafatçısı Məftun Səfərli olmuşdur.
Türksoy adlı qrup şəklində festivala qatılan gənc ifaçılar öz peşəkar çıxışları ilə həm tamaşaçıların, həm də münsiflər heyətinin rəğbətini qazanmışlar.
Festivalın münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının Muğam (Xanəndə) kafedrasının müəllimi, Xalq artisti Nəzakət Teymurova, eləcə də beynəlxalq miqyasda tanınmış sənətkarlar Mühəmməd Qolrəngi və Əlirza Qəmkəri yer almışdır.
Festival çərçivəsində ifalar müxtəlif musiqi janrları və üslubları duyğu, hiss, aranjıman və ansambl kimi meyarlar əsasında qiymətləndirilmişdir. Azərbaycanı təmsil edən Türksoy qrupu 130 ölkənin iştirakçıları arasında seçilərək festivalın ilk dördlüyünə daxil olmuş və final mərhələsində birinciliyə layiq görülmüşdür.
“Mehr” beynəlxalq musiqi festivalı bu il ikinci dəfə təşkil olunmuş və müxtəlif ölkələrdən incəsənət nümayəndələrini bir araya gətirmişdir.
