Romanın nüfuzlu “Casa del Jazz” Mədəniyyət Mərkəzində “Xəzərin səsi: Azərbaycan cazı” adlı konsert proqramı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, ICCROM-un Baş direktoru Aruna Francesca Maria Gujral, İtaliya Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə də çoxsaylı musiqisevərlər iştirak ediblər.
Konsert proqramında Azərbaycan Milli Konservatoriyasının “Populyar musiqi və caz ifaçılığı” kafedrasının müdiri, Əməkdar artist, Prezident mükafatçısı Emil Əfrasiyab və AMK-nın “Xalq çalğı alətləri” kafedrasının müəllimi, Xalq artisti Ənvər Sadıqov iştirak ediblər.
Proqram “Emil Əfrasiyab və dostları” qrupunun ifasında təqdim olunub.
Konsertdə həmçinin Xalq artisti Eldar Mansurov, Əməkdar artistlər Ələkbər Ələkbərov və İsgəndər Ələsgərov, bas-gitara ifaçısı Elvin Nəbiyev, vokal ifaçıları Elnur Hüseynov və müğənni Aysel Teymurzadə iştirak ediblər.
Konsert boyu Azərbaycan milli musiqisinin zəngin intonasiyaları müasir caz elementləri ilə ustalıqla sintez olunaraq beynəlxalq auditoriyaya təqdim edilib.
Emil Əfrasiyabın yaradıcı improvizasiyaları və Ənvər Sadıqovun özünəməxsus ifa üslubu Azərbaycan musiqisinin zəngin bədii imkanlarını parlaq şəkildə nümayiş etdirib.
Böyük maraq və alqışlarla qarşılanan tədbir Azərbaycan musiqisinin beynəlxalq mədəni məkanda təbliği, eləcə də Azərbaycan Milli Konservatoriyasının sənətkar müəllimlərinin ölkə mədəniyyətinə verdiyi töhfələrin daha bir ifadəsi kimi yadda qalıb.
















