
26 avqust – Beynəlxalq Azərbaycan Muğamı Günüdür.
2010-cu ildə Kanadanın Niaqara şəhər rəhbərliyinin və ənənəvi olaraq keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyinin qərarı ilə 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin Musiqi Günü elan edilmişdir.Beynəlxalq Azərbaycan Muğamı Gününün Mehriban xanım Əliyevanın doğum gününə təsadüf etməsi də xüsusi rəmzi məna daşıyır.
Azərbaycan xalqının çoxəsrlik mənəvi-mədəni irsinin nadir incilərindən olan muğam milli musiqi təfəkkürünün, bədii-estetik dünyagörüşünün və professional musiqi mədəniyyətinin fundamental əsaslarından birini təşkil edir.
Əsrlər boyu ustad sənətkarların yaradıcılığında qorunaraq nəsildən-nəslə ötürülən Azərbaycan muğamı bu gün milli sərhədləri aşaraq ümumbəşəri mədəni irsin dəyərli nümunəsi kimi dünya musiqi məkanında layiqli mövqe qazanmışdır.
Azərbaycan muğamının UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah əsərlərindən biri elan edilməsi və Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil edilməsi onun ümumbəşəri mədəni dəyərinin beynəlxalq səviyyədə təsdiqidir.
Azərbaycan Milli Konservatoriyası milli musiqi irsinin qorunmasını, elmi əsaslarla öyrənilməsini, tədrisini və gələcək nəsillərə ötürülməsini fəaliyyətinin mühüm missiyalarından biri kimi müəyyənləşdirib. Konservatoriyanın Muğam (xanəndə) və İnstrumental muğam kafedralarında ustad sənətkarların zəngin yaradıcılıq və ifaçılıq təcrübəsinin gənc nəslə ötürülməsi, milli muğam məktəbinin ənənələrinin qorunması və müasir təhsil prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir. Kafedraların müəllim və tələbələrinin respublika və beynəlxalq muğam müsabiqələrində qazandıqları uğurlar, müxtəlif ölkələrdə keçirilən konsert, festival və mədəniyyət layihələrində iştirakı Azərbaycan muğamının təbliğinə, milli ifaçılıq məktəbinin beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verir.
Azərbaycan Milli Konservatoriyası muğamı xalqımızın tarixi yaddaşını, mənəvi dünyasını və estetik təfəkkürünü yaşadan milli-mənəvi sərvət kimi dəyərləndirir və bu böyük irsin elmi-tədqiqat, tədris və yaradıcılıq müstəvisində inkişafına xüsusi önəm verir.
Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə muğam sənətimizin ustadlarını, tədqiqatçılarını, müəllim və tələbələrini, eləcə də bütün muğamsevərləri təbrik edirik!