21, 22 və 24 avqust tarixlərində “Qafqaz” otellər şəbəkəsi, Azərbaycan Milli Konservatoriyası (AMK) və Heydər Əliyev Konqres Mərkəzinin (Qəbələ) birgə təşkilatçılığı ilə Qəbələ rayonunda “Qurban bayramı” münasibətilə “Milli mənəvi musiqi Qəbələdə” adlı konsertlər keçirilib.

 

İlk olaraq – avqustun 21-də Heydər Əliyev Konqres Mərkəzində Əməkdar artist Təyyar Bayramovun solo konserti baş tutub. Konsertdə Azərbaycan xalq mahnıları və muğamları səslənib. Konsert böyük maraqla qarşılanıb. Xanəndə, Qəbələ sakinləri və şəhərin qonaqları ilə görüşdən məmnunluğunu dilə gətirib. Konsertdə T. Bayramovu Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, həmçinin Vəfadar Ramizzadə (zərb alətləri) və Habil İsmayılov (fortepiano) müşaiət ediblər. T. Bayramovla bərabər konsertdə tələbələri – Pərviz Qsımov və Məhəbbət Səfərov da çıxış ediblər.

 

Konsertin ikinci günü – avqustun 22-də Xalq artisti Mənsum İbrahimovun solo konserti keçirilib. Xalq artistinin konsertinə böyük maraq olub. Konsertdə M. İbrahimov Azərbaycanın xalq mahnıları və muğamlarını səsləndirib. Bu konsertdə də xanəndəni Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, həmçinin Vəfadar Ramizzadə (zərb alətləri) və Habil İsmayılov (fortepiano) müşaiət ediblər. Konsert boyu M. İbrahimov tamaşaçılarla ünsiyyətdə olub, xarici səfərlərlə bağlı xatirələrini onlarla bölüşüb. Konsertdə AMK-nın tələbəsi xanəndə Gülnar Qüdrətlinin çıxışı da yer alıb.

 

Final konserti avqustun 24-də baş tutub. Xalq artisti Azər Zeynalov geniş konsert proqramı ilə çıxış edib. Konsert Xalq artistinin ilk solo konserti olaraq tarixə keçib. A. Zeynalovu konsertin bədii rəhbəri, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Əməkdar artist Eldar Məmmədov, Rəşad İbrahimov (tar) və Təbriz Yusubov (kamança) müşaiət ediblər. Konsertdə Azərbaycan Milli musiqiləri ilə yanaşı xarici bəstəkarların əsərləri də səslənib. AMK-nın tələbələri Tural Məsimov və G. Qüdrətlinin konsertdə çıxışları olub.

 

Qeyd edək ki, bu, AMK  və “Qafqaz” otellər şəbəkəsinin Qəbələdə birgə həyata keçirdiyi ikinci konsert layihəsidir. Daha öncə “Ramazan bayramı” münasibətilə konsertlər keçirilmişdi.