18 sentyabr – Milli Musiqi Günü hər il olduğu kimi bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilir.

 

Bu münasibətlə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabana gələrək Üzeyir Hacıbəylinin və digər görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarını ziyarət ediblər.

 

Daha sonra iştirakçılar Azərbaycan Milli Konservatoriyasında (AMK) Milli Musiqi Günü münasibətilə keçirilən tədbirə qatılıblar.

 

Tədbirdə AMK-nın tələbə orkestri və xoru, dahi bəstəkarın əsərlərini səsləndiriblər. Həmçinin Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev və beynəlxalq müsabiqələr laureatı Aytən Məhərrəmovanın ifasında orkestr və xor ilə birgə “Qarabağ şikəstəsi” səslənib.

 

Tədbirdə çıxış edən AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konsert izləyicilərini Milli Musiqi Günü münasibətilə təbrik edib. Rektor bidlirib ki, bu gün ən gözəl və ən böyük bayramlarından biri Üzeyir Hacıbəylinin doğum günüdür. Bu gün hər birimiz üçün bayramdır, çünki Üzeyir bəy yazdığı əsərləri ilə Azərbaycanda peşəkar musiqinin əsasını qoymuşdur. Bu gün də ölkəmizdən kənarda, dünyanın müxtəlif yerlərində onun musiqisini eşidir və onu təbliğ edirik.

 

S.Kərimi bütün musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə edib.

 

Daha sonra çıxış etməsi üçün söz Mədəniyyət Naziri Əbülfəs Qarayevə verilib.

 

Əbülfəs Qarayev, tədbir iştirakçılarını musiqi bayramı münasibətilə təbrik edərək, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramı olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsini ulu öndər Heydər Əliyev qoyub. Ümummilli Liderimizin 1995-ci ildə – dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

 

Daha sonra Mədəniyyət Nazirliyinin nümayəndələri və  musiqiçilər Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın heykəlləri önünə qərənfillər düzüblər.