Azərbaycan Milli Konservatoriyasında daha bir tədbir baş tutdu. Azərbaycan Milli Konservatoriyası və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi həyata keçirildi. Tədbirdə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansambılının xoru çıxış edirdi. Qeyd edək ki, kollektivin bədii rəhbər və baş dirijoru Azərbaycan Respublikasının xalq artisti, Ağaverdi Paşayev, xormeyster Fəxrəddin Atayevdir.
Konsertin proqramı olduqca zəngin idi. Buraya həm Azərbaycan xalq mahnıları, həmçinin də bir sıra bəstəkarlarımızın yazdığı mahnılar daxil edilmişdi.
Səsləndirilən xalq mahnıları sırasında “Sarı gəlin”, “Qara qaşın vəsməsi”, “Bu gecə”, “Ay qadası” mahnıları çox yüksək peşəkarlıqla ifa olundu. Bu sıradan, ifa olunan “Əlimi bıçaq kəsibdir”, “Leyla”, “Qubanın ağ alması”, “Bağa girdim üzümə” və s. nümunələri də qeyd etmək lazımdır. Bundan əlavə bir sıra Azərbaycan bəstəkarlarının mahnılarının ifasını da vurğulamalıyıq. Konsertin proqramına müxtəlif nəsil bəstəkarların əsərləri daxil edilmişdi. Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri xüsusi maraqla qarşılandı. Bundan əlavə Fikrət Əmirov, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi simaların mahnıları da ifa olundu. F.Əmirovun “Reyhan”, “Səni araram”, V.Adıgözəlovun “Naz-naz”, “O qız hanı”, T.Quliyevin “Coş dənizim”, “Bakı haqqında mahnı”, C.Quliyevin “Salxımlı yallı” kimi mahnıları səsləndirildi.
Qeyd edək ki, ifa olunan həm xalq, həm də bəstəkar mahnılarını xor üçün Fəxrəddin Atayev, Ziya Bağırov, Məmmədiyə Hacıyev, Vaqif Məstanov işləmişdir.
Sözügedən tədbirdə maraq doğuran məqamlardan biri də xor üzvlərinin ifa etdikləri hər bir mahnını sanki obrazlı, bir qədər teatrallaşmış şəkildə təqdim etmələri idi.
Sonda isə Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış etdi. O, xor musiqisinin əhəmiyyətindən söhbət açaraq, bu cür tədbirlərin keçirilməsinin nə qədər böyük mahiyyəti olduğunu vurğuladı.Belə ki, böyük peşəkarlıqla çıxış edən kollektiv öz ifası ilə hər kəsdə yüksək təəssürat yaratdı.