Fevralın 2-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında (ADAF) “Gəncliyə tövhə” Gənclər gününə həsr olunmuş musiqi festivalı çərçivəsində konsert keçirilib.

 

Tədbir, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və ADAF-ın birgə təşkilatçılığı ilə baş tutub.

 

Azərbaycan Milli Konservatoriyasının (AMK) müəllimi, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında gənc bəstəkarların əsərləri səslənib.

 

Konsertdə AMK-nın dörd tələbəsinin (3-ü məzun) – Sevinc Balabəyova, Tural Məmmədli, Sevinc Əliyeva və Vəfa Bağırzadənin əsərləri səslənib.

 

Konsert, Sevinc Balabəyovanın “Azərbaycan deyəndə” əsəri ilə başlayıb. Tədbirdə həmçinin Tural Məmmədlinin “Suita”, Sevinc Əliyevanın Tar və orkestr üçün Konsert-Pyes və Vəfa Bağırzadənin – “Rondo-vals” əsərləri yer alıb.

 

Qeyd edəki, Sevinc Balabəyova artıq AMK-da müəllim qisimində fəaliyyət göstərir. Ötən il konservatoriyada gənc bəstəkarın konserti keçirilib. Müəllimləri, tanınmış bəstəkarlar, Əməkdar İncəsənət xadimləri, Vasif və Ceyhun Allahverdiyev qardaşlarıdır.