Azərbaycan Milli Konservatoriyasında yazıçı Anar ilə görüş haqqında düşündüklərim
Görüşün günü, saatı təyin olunduqda və tamamilə layihə kimi mənə həvalə olunduqda heç düşünmədim. Daha doğrusu, əksinə düşündüm ki, mən nəsri ilə böyüdüyüm, dramatik əsərlərindən ruhlandığım bir yazıçını niyə araşdırım və bu görüşü niyə qeyri-adi etməyə çalışım? Ədəbiyyat özü Anar deyilmi?
Mən bildiyim, tanıdığım, təxəyyülümün, düşüncəmin Anarına aid bir görüş olacaq, çox güman. Gələcək nəslin yaddaşında həkk olunacaq görüş. Gün yetişdi. Anar müəllim Azərbaycan Milli Konservatoriyasının qonağı oldu. Onu Xalq artisti, AMK-nın rektoru Siyavuş Kəriminin yanına ötürdükdə içimdə olan hissin nə olduğunu bilmədim. Sanki bir ordu sevdiyim ədəbiyyat nümunələri ilə addımlayırdıq. Mənim də alnıma belə bir gün yazılıb, düşündüm. Yolu yarılamışdıq ki, dedim: “Anar müəllim, necəsiz?” Ayaq saxlayıb, dayanıb “Sağ olun, yaxşıyam” dedi. Sonra yenə addımladıq. Amma mən yaman sıxılırdım. Danışmağa söz tapmırdım. Tədbirin başlamağına da az qalmışdı. Tez səhnəyə tərəf tələsdim. Zal tələbə və müəllimlərlə dolmuşdu. Yazıçılar birliyindən cəmi iki nəfər sadiq dostlar Arifə Əliyeva və Məlahət Qənbərova da burada idi. Onları görüb sevindim. Kənan Hacı, ədəbiyyatşünas Nərgiz Cabbarova, şair Aybəniz Qafarlı da qonaqlar içində idi. Yalnız zalımız maraq dolu baxışlı gənclər, tələbə və müəllimlərlə dolmuşdu.
Səhnəyə doğru gələn Anar müəllimi yerində əyləşincəyə qədər ayaqüstə alqışladılar. Mən onun ağır, səngin yerişindən, duruşundan, dalğın baxışından bir həsrət gördüm. Yəqin dostlarının, mələk ana, atanın xiffəti görünüb gözlərimə. Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru əziz qonağı qarşıladı. Siyavuş müəllim də tamam ayrı dünyadır; onun özündən böyük sənət adamlarına olan dəyəri, ehtiramı həm müəllimlərinə, həm də tələbələrə bir örnəkdir. Siyavuş Kəriminin səhnəyə dəvətindən sonra sözə başlamalı idim. Özüm üçün bəlli bir danışıq düşünmüşdüm. Yalnız bihudə sözə belə başladım: “Bir dəfə Vaqif Səmədoğlunun yubileyində gördüm ki, hamı hər kəs onun haqqında ayrı-ayrı xatirələr paylaşır, bir-birini qısqanır. Onda ağlıma belə bir fikir gəldi: hər kəsin öz Vaqif Səmədoğlusu var. İndi mən də bu gün üçün heç bir araşdırma aparmadım, Vikipediya vərəqləmədim. Sadəcə mənim üçün Anar kimdir, onu anlatmaq istədim.”
Əlbəttə, bu gün AMK-nın tələbələri üçün yaddaşlardan silinməyən bir gündür. Çünki yazıçı Anar onların qonağıdır. Yazıçı Anar Azərbaycan ədəbiyyatına, incəsənətinin tarixində böyük xidmətləri olan bir şəxsiyyətdir. Onun ədəbiyyata, xüsusilə Türk dünyasından ədəbiyyat incilərini toplaması sahəsində işləri sonsuzdur. “Min beş yüz ilin oğuz şeiri” antologiyası iki cilddən ibarət bir antologiyadır. Azərbaycan və Türk ədəbiyyatı üçün əvəzedilməz bir dərslikdir. Onun çəkdiyi filmlər, yazdığı ssenarilərdə kökümüzü, tariximizi, dilimizi, adət-ənənələrimizi qoruması kimi nüanslar unudulmazdır. Sovet dövründə “Dədə Qorqud” filminin ssenarisini yazdı. “Gürcü familiyası” hekayəsinin əsasında çəkilmiş “Gün keçdi” filmində İçəri şəhərin təəssüfünü çəkməsi də cəmiyyətə o dövrdə bir mesaj deyildimi? Sevimli yazıçımız elə bəşəri mövzulara müraciət edir ki, bu mövzular Azərbaycan gerçəkliyini ayrı-ayrı zamanlarda bizə başa salır.
Bu barədə məlumat verəcəyimdən əmin idim. Yalnız bütün bu gərəkli informasiyaların altında mən Anar müəllimə gizli bir məktub ötürürdüm. Onun əsərlərini, yaradıcılığını nə dərəcədə mənimsədiyimi göstərirdim. Ta uşaq çağlarımdan oxuduğum “Adamın Adamı” kitabı, “Yaxşı padşahın nağılı”, “Molla Nəsrəddin 55”, “Beş mərtəbəli evin altıncı mərtəbəsi”, “Mən, sən, o və telefon”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Dantenin yubileyi”, “Gürcü familiyası”, “Şəhərin yay günləri” əsərlərini bir-bir yadıma saldım. Oxucu və yazıçı ünsiyyəti mistik bir duyğudur. Kimsə səni oxucun qədər tanımaz əslində. Hərdən ədəbiyyat görüşlərində mənim tanımadığım, ruhundan bixəbər olduğum, əsərlərini çox az oxuduğum həmsöhbətlərim də olur. O zaman mən əlavə məlumatlardan onu tanımağa çalışıram. Yalnız Anar o qədər doğma bir imzadır ki, mənim üçün.
Anar haqqında danışanda onun “Sizsiz” əsərindən söz açmamaq mümkün deyildi. Bu əsərdən söz açdım. Gözəl şair Nigar Rəfibəylinin oğlu balaca Anara yazdığı şeirini oxudum. “Sizsiz” əsərini çox erkən çağlarımda oxumuşdum. O zamanlar itginin nə olduğunu bilmirdim və içimdə çox qəribə sıxıntı üzmüşdü. İnsan doğmalarını itirəndə filosof olur, özü üçün təsəlli düşüncələrə dalır, yazılar yazır. “Sizsiz” əsəri də yazıçının təsəllisi idi. Yalnız o böyük eşqi olan iki böyük şairin ürəyini, hisslərini, ağrısını, sevgisini bizlərə aşkar edir. Onlar hətta dünya üzündə ölüm qədər kədərli bir anlayışı sevgiylə əvəzləyir. O sevgi kainatı, illəri aşıb indi də ürəyimizi sevindirə və bizi düşündürə bilir. O sevgi poeziyada o qədər diridir ki, bu minvalla elə tədbir gedərkən belə Anar haqqında kiçik bir filmə baxdıqda düşüncələrim tamamilə ayrı bir səmtə getdi. Bir anlıq anladım ki, mənim gördüyüm Anar müəllimi burada əyləşən tələbələr tanımır. Azərbaycan Yazıçılar Birliyinin sədri və yazıçı Anar. Hərdən ədəbi mühitin iynəli sözlərinə tuş gələn və ya aşırı yaltaqlığa məruz qalan ziyalı. Vəssalam, cəmiyyətin çoxluğunun bildiyi bu idi. Yalnız mən standart olmayan, yeknəsək olmayan bir yanaşma düşündüm.
Anar, əgər düşünə bilənlər çoxluq təşkil etsəydi, ədəbiyyat üçün böyük simalardan biridir. O, əslində Azərbaycanın gələcəyi və ədəbiyyatı üçün çox töhfələr bəxş edib. Üzeyir Hacıbəyli, Hüseyn Cavid, M.F. Axundov, Cəlil Məmmədquluzadə kimi mövzularda yazdığı və çəkdiyi filmlər insanların həyatında mühüm rol oynayır. Tələbə və gənclər üçün isə ekskursiya xarakteri daşıyır. “Dədə Qorqud” filmi Dədə Qorqud dastanları haqqında bir neçə nəsildə ilk təəssüratı yaratdı. Dədə Qorqud anlayışına ilk bu filmdən qaynaqlandı. Qobustan haqqında sənədli film, televiziya və teatr səhnələri üçün yazdığı dramaturji əsərlər də diqqətəlayiqdir.
Anar, çoxşaxəli və gərəkli yaradıcılıq yolunda saysız-hesabsız əsərlər yaratdı. Azərbaycan teatrının və kinosunun yetmiş faizini onun yaradıcılıq nümunələri təşkil etdi. O, gözəl obrazlar müəllifidir. Mən onun obrazlarını sevirəm. Obrazlar tamdır, onları sevmək, onlardan küsmək, onlarla söhbət etmək olur. Anar yaradıcılığını və bütün bu informasiyaları bacardığım qədər bir saata sığışdırmaq istədim. Yalnız Anar, Azərbaycan ədəbiyyatında elə dərin köklü yaradıcılığa malikdir ki, onu bir saatlıq tədbirə sığışdırmaq qeyri-mümkündür.
Görüş boyunca Aysel İbrahimova və AMK-nın “Populyar musiqi və caz ifaçılığı” fakültəsinin tələbəsi Babək Əfəndinin ifasında Nigar Rəfibəylinin sözlərinə yazılmış “Neyləyim” və Anarın sözlərinə yazılmış “Əlvida” musiqi əsəri səsləndi.
Tədbirdə AMK tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət “Balaca yazarlar birliyi”nin bir qrup üzvü də iştirak edirdi. Balaca yazar Rəhimə Anar müəllim üçün şəkillərlə bəzədilmiş məktub hazırlamışdı. Tələbələrin məktublarını səsləndirdikdən sonra hamı bu ədəbiyyat adamı ilə şəkil çəkdirmək üçün yaxınlaşdı. Gözəl yazıçımızı yormadan tədbiri sona çatdırdıq.
Mən, atamın mənə əmanət etdiyi ədəbiyyat aləmində əsl yazı adamlarının üstündə əsirəm. Onlar mənim üçün çox müqəddəs yerdədirlər.
Anar, gözəl yazıçı, mənim ta yeniyetmə dövrümdən indiyə qədər yaradıcılığını, axtarışlarını, yeniliklərini izlədiyim gözəl yazıçıdır. Azərbaycan Milli Konservatoriyasında 22 may 2024-cü il bir günəş parladı. Gözəl tövsiyələr və müdrik fikirləri ilə hər birimizi sevindirdi, fərəhləndirdi. Kitabları imzaladı. Mənim də Anar imzalı kitabım oldu.
“Evləri köndələn yar” tamaşasındakı kimi bir nəfər operator gəlib nəsə çəkib getdi. Amma tədbiri lentə almalı olan operator səhərisi gün gəldi. Sonra başladıq həmin gün gələnini axtarmağa. Şap doğrudan da elə bildi şupdadı. Nə qədər danışıqlar aparsam da süjetlər əlimə gəlmədi. Özüm də səhnədə olduğumdan çəkiliş də edə bilmədim. Xəbərlər yaxşı ki gəlib yayımlandı. Səhər saytları da ələk-vələk etdim, heç kim yazmamışdı. Heç xəbər lentində də bu görüşlə bağlı bir xəbər yox idi.
Bəli, başa düşdüm ki, bu görüş mənim yaddaşımın lentinə və həmin gün bizimlə o günü paylaşan, Anar yaradıcılığına dəyər verən insanlar üçün idi.
Standart görüşlərdən fərqli olaraq, Ana Nigar Rəfibəyli, Ata Rəsul Rza olan xalqının vətənin gərəkli gözəl övladı Anar üçün olan səmimi və gözəl görüş… yaddaşımın lentinə həmişəlik köçdü.
“Ədəbiyyat və incəsənət”