Əcnəbi tələbələrin hazırlıq şöbəsi

 

Əcnəbi tələbələrin Hazırlıq Şöbəsi 2005-ci ildən fəaliyyət göstərməkdədir. Ötən bu illər ərzində Azərbaycan Milli Konservatoriyasında əcnəbi tələbələr təhsil almış və hazırda da yeni tələbələr ali məktəbimizdə təhsil almaqdadır. Belə ki, 2006-2007-ci illərdə Nyu Orlean ştatından gəlmiş Nataşa Kipp balaban musiqi alətində ifa etməyi öyrənmiş və ABŞ-da “Balabançı qız” adlı veb sayt açaraq 60-a yaxın şagird toplamışdır.

 

2006-2007-ci illərdə ABŞ-dan, Kanadadan, Cənubi Koreyadan, Türkiyədən, İrandan ümumilikdə 20 tələbə AMK-da musiqi təhsili almışdır. Onlardan bir neçəsi, xüsusi ilə ABŞ-dan olan Amir El Saffar muğam dərslərini Xalq Artisti Ağaxan Abdullayevin sinfində almış, Cənubi Koreyadan olan Kim Min-Seog isə “Muğam” (xanəndə) fakültəsində, professor Arif Babayevin sinfində muğamın sirlərinə yiyələnmişdir.

 

İranın Təbriz şəhərindən olan Nasir Ətapur adlı tələbəmiz I respublika muğam Festivalında III yerə layiq görülmüşdür. 2008-ci ildə İranın Xal-xal şəhərindən olan “Dirijorluq” fakultəsində təhsil alan Parandeh Roozbeh “Süleyman Ələsgərov” adına mükafata və diploma layiq görülmüşdür.

 

Hazırda da bakalavr, magistr, aspirantura pilləsində təhsil alan əcnəbi tələbələr konservatoriyanın, paytaxtın, ümumiyyətlə respublikanın həyatında fəal iştirak edir və rəsmi mədəni-kütləvi tədbirlərinın iştirakçısı olurlar.