Noyabrın 22-də Azərbaycan Milli Konservatoriyasının (AMK) ‘Böyük zal’ında AMK Tələbə Gənclər Təşkilatı və Mədəniyyət Televiziyasının birgə təşkilatçılığı ilə görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, həmçinin Xalq artistləri T.Quliyevin oğlu, rejissor Eldar Quliyev, Rauf Babayev, Azərpaşa Nemətov, aktyor Hacı İsmayılov, Rafiq Əliyev, AMK-nın professor-müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
AMK-nın rektoru, xalq artisti S.Kərimi tədbirdə çıxış edərək T.Quliyev haqqında fikirlərini səsləndirib. Rektor bildirib ki, T.Quliyev mahnıları ölməzdir və əbədi yaşayacaqdır. Tədbirin hazırlıq prosesindən də danışan S.Kərimi, konsertin ərsəyə gəlməsində xüsusi rolu olan Xalq artisti, AMK-nın “Milli Vokal” kafedrasının müdiri Azər Zeynalova təşəkkürünü bildirib.
Daha sonra sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub. Konsertdə AMK-nın tələbələri konsertmeysterlərin müşaiəti ilə T.Quliyevin mahnılarını səsləndiriblər.
Sonda çıxış üçün səhnəyə dəvət olunan bəstəkarın oğlu, rejissor, xalq artisti E. Quliyev, T.Quliyeve olan belə xoş münasibətə və dəvətə görə təşəkkürünü bildirib, ifaçıları təbrik edib.