Fevralın 27-də Azərbaycan Milli Konservatoriyasında (AMK) əməkdar artist, tanınmış tar ifaçısı Şəhriyar İmanovun “Tar və piano üçün jazz-pop repertuarı” adlı konserti keçirilib.
İsveçrə Səfirliyi və AMK-nın birgə təşkilatçılığı ilə baş tutan konsertdə, tar və piano üçün musiqi notları kitabı təqdim olunub. Kitabda XX əsrin məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada göstərilir.
Tədbirdə çıxış edən AMK-nın rektrou, Xalq artisti Siyavuş Kərimi, bir vaxtlar konservatoriyanın tələbəsi olmuş, hazırda isə müəllim qismində çalışan Ş. İmanov haqqında fikirlərini səsləndirib. Rektor, Şəhriyarın gənc olmasına baxmayaraq çətin işin öhdəsindən uğurla gəldiyini diqqətə çatdırıb. S. Kərimi bildirib ki, Azərbaycan musiqisinin şah aləti olan tarın çox mahir ifaçıları olub: “Şəhriyar da gənc olmasına baxmayaraq, bu alətin tanıdılmasında lazımi işlər görür. O, Azərbaycan klassik tar ifaçılığının da gözəl bilicisidir. Amma Şəhriyar daha çox özünəməxsus ifaçılığı ilə tanınır. Onun yeni çalğı üslubunu tənqid edənlər də olub. Biz bu halları görürdük. Çox şükür olsun ki, o günlər geridə qaldı. Mən həmişə bilirdim və əmin idim ki, onun ifaçılığı Azərbaycan musiqi sənətinin inkişafı və Azərbaycan musiqi sənətinin dünyada tanıdılması baxımından çox mühüm işlərdən biridir. Şəhriyarın Azərbaycanın hüdudlarından kənarda etdiyi çıxışlar hamımızın fəxri, Azərbaycan tarının və özünün qələbəsidir”.
Daha sonra İsveçrə səfirinin müavini Simone Haeberli çıxış edib. Şəhriyar İmanov isə öz növbəsində kitabın yaranması haqqında danışıb
Kitabın redaktoru, bəstəkar Firudin Allahverdi isə tar ifaçılığını bitirdiyini deyib: “Mən bilirəm ki, insan tarla bir müddət əlaqə saxlayandan sonra heç vaxt ayrıla bilmir, daim qayıtmaq istəyir. Düşünürəm ki, bunun səbəbləri təkcə metafiziki deyil, həm də fizikidir. Tarın imkanları o qədər zəngindir ki, istər ifaçı, istər dinləyici kimi insan daim nələrsə kəşf edəcəyinə inanır. Bu baxımdan layihədə əməkdaşlıq etmək ürəyimcə oldu. Düşünürəm ki, hazırladığımız kitab dərslik kimi istifadə olunacaq”.
Tədbir bədii hissə ilə davam edib. Ş. İmanovun ifasında, dünya musiqisindən səslənən 10 məşhur əsər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Ş. İmanovu gənc pianocu Tural Rafael və tarzən İsmayıl Zülfüqarov müşaiət ediblər.