Mayın 18-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın rəhbərliyi ilə Konservatoriyanın Tələbə xorunun “4 Foye” adlı konserti keçirilib.

 

Konsertdə Tələbə xoru ilə bərabər AMK-nın tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xor kollektivi də çıxış edib.

 

Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərinin səsləndiyi konsertə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Konservatoriyanın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər. Konsert, izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Tədbirin sonunda çıxış üçün söz AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimiyə verilib. Rektor, xorun bədii rəhbəri Dilarə Əliyevanı təbrik edib, konsertin uğurlu keçdiyini diqqətə çatdırıb. Tək AMK-nın tərkibində iki xor kollektivinin olduğunu xatırladan Xalq artisti,  xor kollektivlərinin konservatoriyadakı rolu və əhəmiyyətindən danışıb. Bildirib ki, birgə ifalar, səslənən əsərlərin möhtəşəmliyi ilə bərabər xor ümumilikdə birlik rəmzidir. Belə bir birlik yarada bilməyimiz böyük uğurumuzdur və hər zaman onu qorumalıyıq, bu Konservatoriyanın hər bir üzvünün borcudur. Xalq artisti Siyavuş Kəriminin çıxışının ardından tədbir başa çatıb.

 

Xatırladaq ki, konsertdə xoru AMK-nın müəllimi Samirə Əmiraslanova müşaiət edib.