Aprelin 7-də Azərbaycan Milli Konservatoriyasında (AMK), “Şuşa ili” çərçivəsində keçirilən “Tar festivalı”na yekun vurulub.

 

Tədbirdə AMK-nın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin çıxışı ilə tədbir başlayıb.

 

Rektor Azərbaycanda ilk dəfə baş tutan “Tar festivalı”nın ona böyük sevinc və qürur hissi bəxş etdiyini dilə gətirib. Bildirib ki, festival insanlarda o qədər böyük marağa səbəb olub ki, hətda tarını yerə qoymuş ifaçıları belə yenidən bu alətə sarılmağa sövq edib. “Hesab edirəm ki, festivalın belə maraqla qarşılanması insanlarda Tar musiqi alətimizə olan əsl sevginin bariz nümunəsidir. Bu səbəbdən istəyirəm sizə bildirim ki, biz, Kamança, Qanun və xüsusilə Balaban festivalını da təşkil edəcəyik. Hətda bu festivalları ən geniş şəkildə beynəlxalq səviyyəyə daşıyacağıq. Gəlin meydan yaradaq, dünyanın müxtəlif yerlərindən, Türkiyədən, İrandan, Özbəkistan və digər ölkələrdən də peşəkar musiqiçilər gəlib öz məharətlərini bu səhnədə göstərsinlər. Gəlsinlər və bizim belə yüksək səviyyədə ifaçılarımızla qarşı qarşıya ifa etsinlər, çəkişsinlər baxaq bacararlarmı?! Mən şadam ki, biz bu səhnədə, Tar alətində artıq sözünü demiş ifaçılarla yanaşı, gənc tarzənlərin də necə məharətlə, peşəkar ifalarını eşitdik. Onlar tar ifaçılığını daha da inkişaf etdirmiş onu çox fərqli və daha da yüksək səviyyələrə çıxartmışlar. Ən əsası onların hər biri bu gün ölkəmizi layiqincə dünyanın müxtəlif ölkələrində təmsil edirlər. Bu, milli mənəvi dəyərlərimizin təbliğatında ən əsas işlərdən biridir. Bir daha bütün festival iştirakçılarını təbrik edir onlara təşəkkürümü bildirirəm. Gələn il yenidən bu festivalda görüşmək ümidi ilə” deyə rektor S. Kərimi çıxışına yükun vurub.

 

Rektor çıxışının ardından festival iştirakçılarına AMK-nın “Təşəkkürnamə” diplomlarını təqdim edib.

 

Daha sonra tədbirin bədii hissəsi başlayıb. Festivalda ifa etmiş ifaçıların bir qismi yeni yaradıcılıq nümunələrini təqdim ediblər.

 

Bununla da böyük maraqla qarşılanan “Şuşa ili”nə həsr olunmuş “Tar festivalı” başa çatıb.

 

Qeyd edək ki, aprelin 4-də başlayan festivalda 3 gün ərzində tanınmış tar ifaçılarının çıxışları yer alıb. Adları siyahı üzrə aşağıda qeyd olunur.

 

I gün

 

  1. Rövşən Qurbanov
  2. Kamal Nuriyev
  3. Firuz Əliyev (Xalq artisti)
  4. Vüsal İsgəndərzadə (Əməkdar artist)
  5. Ayaz İmanov

 

II gün

 

  1. Arslan Növrəsli
  2. Əli Əsgər Məmmədov
  3. Möhlət Müslümov (Xalq artisti)
  4. Elçin Həşimov (Xalq artisti)
  5. Bəhruz Zeynal

 

III gün

 

  1. Ağasəlim Abdullayev (Xalq artisti)
  2. Səbuhi Cəfərov (Əməkdar artist)
  3. Elman Sadıqov
  4. Malik Mansurov (Xalq artisti)
  5. Şəhriyar İmanov (Əməkdar artist)