İyunun 19-da Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri Bakhtiyar Sayfullayevlə görüşüb.

 

Nazir Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı 20 iyun tarixində Naxçıvanda keçiriləcək təntənəli mərasimdə iştirakı ilə əlaqədar Azərbaycanda səfərdədir.

 

Görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.

 

Rektor Siyavuş Kərimi Konservatoriyada keçirilən bir sıra beynəlxalq tədbirlər, xüsusilə Muğam aləmi – Beynəlxalq Muğam Festivalı haqqında qonağa məlumat verib. 2018-ci ilin mart ayında həmin festival çərçivəsində keçirilən müsabiqənin qalibi olmaqları münasibətilə Bakhtiyar Sayfullayevi təbrik edib.

 

Nazir Bakhtiyar Sayfullayev səmimi qəbula görə təşəkkürünü bildirib, görüşdən məmnunluğunu ifadə edib.  Nazir qeyd edib ki, Özbəkistan həm beynəlxalq təşkilatlarla, həm də qonşu dövlətlər, xüsusilə türkdilli ölkələrlə hərtərəfli əlaqələrin qurulmasında maraqlıdır. O, Özbəkistan rəhbərliyinin də bu əlaqələrin inkişafı üçün səy göstərdiyini vurğulayıb.

 

Görüşün ardından tərəflər konservatoriya ilə daha yaxından tanış olub, xatirə şəkli çəkdiriblər.