Oktyabrın 30-da Azərbaycan Mili Konservatoriyasının (AMK) rektoru, Xalq artisti Siyavuş Kərimi son aylarda Respublika və Beynəlxalq müsabiqələrdə laureat olmuş AMK nəznində Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə görüşüb.

 

Rektor ilk olaraq Gimnaziyanın direktoru, Tərəqqi medallı Aytən Əhmədova ilə görüşüb və şagirdlər barədə məlumat alıb.

 

Aytən Əhmədova 2019-cu ildə şagirdlərin yaradıcıllıqda olduqca fəal olduqlarını, Beynəlxalq festival və müsabiqələrdə uğurlu çıxış etdiklərini rektora bildirib. Daha sonra son ayların ən uğurlu şagirdlərini ona təqdim edib.

 

Rektor, şagirdlərlə görüşüb, onları təbrik edərək ixtisasları ilə maraqlanıb. Bildirib ki, Azərbaycanı belə uğurla təmsil etmələri onu sevindirir. “Belə qalibiyyətləri daha da inkişaf etdirmək, əmək sərf edərək bunu mütamadi hala gətirmək lazımdır. Əminəm ki, hər biriniz bu şərəfli yolda gücünüzü daha da artıracaq, bizi və bütünlükdə Azərbaycanı sevindirməyə davam edəcəksiniz” deyə rektor bildirib.

 

Rektor həmçinin şagirdlər üzərində böyük zəhməti və həyəcanı olan müəllimləri təbrik edib. Sonda, birgə xatirə şəkli çəkilib.