17 fevral 2026-cı il tarixində Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov zalında Konservatoriyanın məzunu, şəhid Toğrul Hacıyevin mövluduna həsr olunmuş “Tar səsində Vətən eşqi” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti, tələbələr, şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təqdimat mərasiminə filmin çəkilişində məsul şəxs, AMK-nın mətbuat katibi, yazıçı Aysel Fikrət aparıcılıq edib.
Azərbaycan Milli Konservatoriyasının Elm, innovasiya və yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova qonaqları salamlayıb, Toğrul Hacıyevin Konservatoriyadakı təhsil və yaradıcılıq fəaliyyəti, filmin ərsəyə gəlmə ideyası barədə ətraflı danışıb.
Şəhidin anası İlhamə Soltanova çıxışında filmin çəkilməsinə göstərilən diqqətə görə, xüsusilə bu təşəbbüsün müəllifi olan Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadəyə və tədbir iştirakçılarına təşəkkürünü ifadə edib.
Filmin yaradıcı heyətinin təqdimatından sonra şəhid Toğrul Hacıyevin əziz xatirəsinə həsr edilmiş “Tar səsində Vətən eşqi” sənədli filmi nümayiş olunub.
