Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qloballaşan dünyada musiqi ənənələri” II Beynəlxalq elmi-praktik konfrans keçirilib (14-16 noyabr).
Noyabrın 14-də AMK-nın böyük zalında konfransın açılış mərasimi baş tutub. Rektor, Xalq artisti Siyavuş Kəriminin nitqi ilə konfrans açıq elan olunub. Konfransın aparıcı moderatoru, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova çıxış edərək tədbirin məqsədi və proqramı haqqında geniş məlumat verib, iştirakçıların işinə uğurlar arzulayıb.
Tələbə xoru Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirib (bədii rəhbər – dosent Leyla Zalıyeva, xormeyster Aytən Aslanova). Daha sonra konservatoriyanın iki əsas konfrans zalında proqram üzrə çıxışlara start verilib.
Günün yekun tədbiri böyük zalda baş tutub. Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş AMK-nın tələbələrindən ibarət xalq çalğı alətləri orkestrinin (bədii rəhbər – Ellada Məmmədova) konserti keçirilib.
Tədbirdə konfrans iştirakçıları, konservatoriyanın professor müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Növbəti gün, noyabrın 15-də gün ərzində hər iki konfrans zalında iclaslar keçirilib, iştirakçılar məruzə ilə çxıış ediblər.
Konfransın iclaslarına aşağıda adları qeyd olunmuş professor və müəllimlər rəhbərlik ediblər.
- Hüseynova Lalə – AMK-ın Elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor
- Abdullayeva Zemfira – ADPU-nun “Musiqi və onun tədrisi texnologiyası” kafedrasının müdiri, Əməkdar müəllim, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor
- Xalıqzadə Fəttah – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor
- Dadaşzadə Zümrüd – Bakı Musiqi Akademiyasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru
- Nəcəfzadə Abbasqulu – Sənətşünaslıq elmləri doktoru, professor
- Sultan Von Bruseldorff Alexandria – AMK-ın dissertantı
- Əliyeva Ülkər – Sənətşünaslıq üzrə elmlər doktoru, professor
Noyabrın 16-ı proqram üzrə iclaslar davam edib. Mövzular ətrafında geniş müzakirələr aparılıb.
Günün sonunda final konserti ilə konfransa yükun vurulub. AMK-ın tələbələrdən ibarət Xalq çalğı alətləri orkestrinin konserti keçirilib.
Qeyd edək ki, konfransa dünyanın 10-dan çox ölkəsindən iştirakçılar qatılıb.