Noyabrın 7-si Azərbaycan Milli Konservatoriyasının (AMK) ‘Böyük Zal’ında Türkiyə Cumhuriyyəti Yunus Emre İnstitutu, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi, Azərbaycan Türkiyə İş Adamları Birliyi, Türk İşbirliyi Kordinasyon Ajansı və AMK-nın birgə təşkilatçılığı ilə həyata keçirilən “Qarabağın səsi” layihəsinə final konserti ilə yekun vurulub.
Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Türkiyə Cumhuriyyəti Yunus Emre İnstitutu Bakı Mədəniyyət Mərkəzinin direktoru İbrahim Yıldırım, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyinin rəhbəri Arzu Hüseyn və digər tərəfdaş şirkətlərin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, həmçinin AMK-nın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbirdə açılış sözü söyləyən rektor, Xalq artisti S.Kərimi ilk olaraq konsert izləyicilərini salamlayıb və hər bir kəsi Konservatoriyanın ‘Böyük zal’ında görməkdən məmnun olduğunu dilə gətirib. Xalq artisti xüsusilə layihə çərçivəsində iştirak edən bütün təşkilat və onun üzvlərinə belə vacib bir işdə göstərdikləri xidmətə görə təşəkkürünü bildirib.
Daha sonra rektor S.Kərimi layihə barədə qısa məlumat verib və öz ata-ana yurdlarından uzaq düşmüş Qarabağlı istedadların bu işdə qazana biləcəyi uğurları diqqətə çatdırıb.
Konsertdə, layihə planı üzrə xüsusilə Azərbaycanın cəbhə bölgələrindən seçilən Qarabağdan olan istedadlı uşaqlar, Azərbaycannın xalq və bəstkar mahnılarını, muğamlarını səsləndiriblər.
Konsert son iki iştirakçının “Qarabağ şikəstəsi” ifası ilə başa çatıb. Sonda bütün ifaçılara sertifikat və xüsusi hədiyyələr təqdim olunub.