Avqustun 2-də Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru, professor Siyavuş Kərimi, Türkiyə Cumhuriyyəti Yunus Emre İnstitutu Bakı  Mədəniyyət Mərkəzinin direktoru İbrahim Yıldırım ilə görüşüb.

 

Yunus Emre İnstitutunun Bakı ofisində baş tutan görüşdə bir sıra ortaq məsələlərin həlli yolları barədə geniş söhbət aparılıb.

 

Konservatoriyanın son illərdə həyata keçirdiyi layihələrdən danışan AMK-nın rektoru, professor S.Kərimi artıq yeni mövsüm üçün planlaşdırılan birgə layihələrdə ilkin addımların atılmasının vacibliyini diqqətə çatdırıb.

 

Görüşdə tərəflər arasında iki əsas layihə, ‘Qarabağın səsi’ və ‘Unudulmayanlar’ üzərində müzakirələr aparılıb.

 

Rektor, professor S.Kərimi bildirib ki, hər iki müəssisə tərəfindən nəzərdə tutulan layihələr həm də gələcək daha böyük konsertlərin xəbərçisidir.

 

Yunus Emre İnstitutu Bakı Mədəniyyət Mərkəzinin direktoru İ.Yıldırım AMK ilə əməkdaşlığa yüksək önəm verdiklərini və musiqi mədəniyyəti sahəsində birgə çalışmaqdan məmnun olduqlarını qeyd edib. İ.Yıldırım həmçinin bildirib ki, qardaş iki ölkənin birgə layihələrdə iştirakı hər iki tərəfin mədəni maraqlarına xidmət edən məqamdır və bunun üçün davamlı əməkdaşlıqda maraqlıdırlar.

 

Görüşün sonunda tərəflər bir-birinə qarşılıqlı xatirə hədiyyəsi təqdim ediblər.