• Elmi İşlər Üzrə
  • Tədris İşləri Üzrə
  • Azərbaycan Milli konservatoriyasının elmi işlər üzrə prorektoru,Musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova.

    Hüseynova Lalə Şirməmməd qızı 1962-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1980-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini əla attestatla, 1985-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Tarix-nəzəriyyə” fakültəsini fərqlənmə diplomu ilə musiqişünas, musiqi tənqidçisi və musiqi-nəzəri fənlərin müəllimi ixtisasları üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqında başlamış və 30 ilə yaxın bir dövrdə məsləhətçi, baş məsləhətçi, məsul katib ( 2002-2012) və katib (2012-2014) vəzifələrində çalışmışdır. 1987-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, 1990-2019-illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuşdur. 2005-2015-ci illərdə əvəzçilik ilə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasında “Türk xalqlarının musiqisi”, “Mənbəşünaslıq”, “Azərbaycan xalq musiqisinin əsasları”, “İxtisas” fənlərindən dərs demiş, 2008-ci ildən həmin kafedranın dosenti olmuşdur. 2005-ci ildə “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Bəstəkarlar İttifaqının rolu və əhəmiyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adına layiq görülmüşdü. 2006-2018-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Estetika” kafedrasında “Dünya musiqi mədəniyyəti tarixi”, “Azərbaycan musiqi tarixi” fənləri üzrə baş müəllim vəzifəsində çalışmışdır.

    L. Hüseynova 2015-ci ildən Azərbaycan Milli Konservatoriyasında Elmi işlər üzrə prorektor, 2016-cı ildən “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professorudur. Eyni zamanda “Konservatoriya” elmi jurnalının baş redaktorudur.

    Xüsusi qeyd etmək istərdik ki, bu yaxınlarda L. Hüseynovanın uzun illər tədris etdiyi və proqramlarını yazdığı “Türk xalqlarının musiqisi” fənnindən ilk böyük dərs vəsaiti işıq üzü görmüşdür. Burada əksər türk xalqlarının ənənəvi musiqisi barədə kifayət qədər məlumatlar, elmi müddəalar öz əksini tapmışdır. Bu vəsaitin hazırlanması prosesində L. Hüseynova dəfələrlə bir sıra türksoylu ölkələrə səfər etmiş, bu sahədə geniş əlaqələr qurmuş və bunun nəticəsidir ki, Azərbaycan Milli Konservatoriyasında bu aktual mövzu ilə əlaqədar bir sıra mötəbər konfranslar, o cümlədən Milli Konservatoriyada ilk dəfə olaraq Musiqi təhsili üzrə Beynəlxalq İSME təşkilatının Bakıda keçirilən dünya konfransı çərçivəsində “Türk xalqlarının musiqisi” adlı ayrıca elmi sessiya təşkil edilmiş və bu sessiyaya müxtəlif ölkələrin musiqi üzrə tanınmış türkoloq alimləri qatılmışdı.

    Elmi işlər üzrə prorektor kimi çalışdığı müddətdə L. Hüseynova Milli Konservatoriyada elmi mühitin canlanması işinə öz töhfəsini vermişdir. Ali musiqi ocağımızda beynəlxalq elmi konfransların keçirilməsi ənənəsinin başlanmasını xüsusi qeyd etmək lazımdır. O, bu layihələrin bilavasitə təşəbbüskarı və təşkilatçısı olub. 2017-ci ildə ilk dəfə olaraq keçirilən “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda Beynəlxalq elmi-praktik konfransda 10-yaxın xarici ölkədən, o cümlədən ABŞ, Kanada və Yaponiyadan nüfuzlu alimlər iştirak etmişdi. Daha sonra 2018 və 2022-ci illərdə baş tutmuş beynəlxalq konfranslarda çox böyük mövzu dairəsi əhatə edilmişdi. Eyni zamanda AMK rəsmi orqanı olan “Konservatoriya” elmi jurnalının müasir dövrün tələblərinə uyğun (rəsmi saytın hazırlanması, beynəlxalq redaksiya heyətinin qurulması və s.) hazırlanması, habelə elmi axtarışların və tədris prosesinin müzakirəsinə həsr olunmuş seminar və müzakirələrin mütəmadi xarakter alması, Tələbə Elmi cəmiyyətinin işinin canlanması L. Hüseynovanın fəaliyyətinin nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, 2015-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasında xarici tələbə və müəllim heyətinin elmi təcrübəyə gəlməsi də mütəmadi xarakter almışdır. L. Hüseynova dəfələrlə Təhsil və Elm nazirliyinin təşkilatçılığı ilə keçirilən Gənc Tədqiqatçıların respublika konfransında musiqişünaslıq üzrə bölmə iclaslarının moderatoru təyin edilmişdir.

    L.Hüseynovanın yaradıcılığında maarifçilik və lektorluq fəaliyyəti də geniş yer tutur. O, 1985-ci ildən etibarən müxtəlif illərdə televiziyada 100-ə yaxın musiqi verlişlərinin – “Xaqani, 27 – Azərbaycan Bəstəkarlar İttifaqından”, “Opera musiqisinin şedevrləri”, “Bəstəkar və ifaçılarımızın portreti”, “Azərbaycan musiqisində qəhrəmanlıq mövzusu”, “Kino və musiqi”, “Musiqi xəzinəsi”, “Musiqili ekran” verilişlərinin müəllifi və aparıcısı olmuşdur. Mütəmadi olaraq konsert və musiqi gecələrində ön sözlə çıxış edir.

    L. Hüseynova Azərbaycan musiqi mədəniyyətində göstərdiyi xidmətlərə görə və Milli Konservatoriyanın 20 illiyi ilə əlaqədar 2020-ci ildə Respublika Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar incəsənət xadimi” Fəxri adına layiq görülmüşdür.

  • Əsədov Nizami Şakir oğlu 1983-cü ildə Salyan rayonunda anadan olub.

    1989 – 2000-ci illərdə Salyan rayonu, Çuxanlı kənd tam orta məktəbində təhsil alıb.

    Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. (2000-ci ildə)

    Bakı Dövlət Universitetinin “Turizm və sosial-mədəni servis” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. (2004-cü ildə)

    Bakı Dövlət Universitetinin “Turizm və sosial-mədəni sahədə xidmət” ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirib. (2006-cı ildə)

    Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. (2022-ci ildə)

    Əmək fəaliyyəti:

    Bakı Slavyan Universitetində laborant (2005-2006, 2007-2010)

    Bakı Slavyan Universitetində baş müəllim (2009-2015)

    Bakı Slavyan Universitetində metodist (2011-2013)

    Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekan müavini (2014-2015)

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Tədris şöbəsinin müdiri (2015-2022)

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Keyfiyyət təminatı və strateji planlaşdırma departamentinin müdiri (2022-2023)

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor (2023-2024)

    Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Tədrisin təşkili və təhsilverənlərlə iş şöbəsinin müdir müavini (2024-2025 may)

    Hazırda Azərbaycan Milli Konservatoriyasının tədris işləri üzrə prorektoru (2025 may – )

    2007-ci ildən müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyət (Bakı Slavyan Universiteti, Bakı Asiya Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)

    N.Əsədov pedaqoji və inzibati fəaliyyəti ilə yanaşı, yerli və beynəlxalq layihələrdə iştirak etmiş, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin eksperti qismində Xəzər Universitetinin təhsil proqramlarının, həmçinin Bakı Dövlət Universitetinin və onun Qazax filialının institusional akkreditasiyasında iştirak etmişdir.