Fevralın 18-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi seminarda konservatoriyanın rəhbərliyi, magistr və doktorantları iştirak ediblər.

 

Seminarı giriş sözü ilə açan AMK-nın rektoru, professor Siyavuş Kərimi belə bir görüşün konservatoriyada keçirilməsinin olduqca əhəmiyyətli olduğunu bildirib. Rektor, elmə, yaradıcılığa xidmət edən bu platforma ilə tanışlığın gənc alim, tədqiqatçı və doktorantların akademik yazı bacarıqlarının inkişaf etdirməsində onlara kömək olacağını qeyd edib, uğurlar arzulayıb.

 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Open Science” platforması haqqında məlumat verib. Bildirib ki, “Open Science” platforması elmi-tədqiqatların tamamilə şəffaf bir şəkildə aparılması praktikasını təşviq edir və elmi araşdırmaların nəticələrini hamıya çatdırır. Platformanın məqsədi elmi-tədqiqatları, məlumatları və onların yayılmasını cəmiyyətin bütün maraqlı tərəfləri üçün əlçatan olmasını təmin etməkdir.

 

Ekspert Sevinc Əliyeva “Open Science” platforması ilə bağlı təqdimatla çıxış edib. O, sözügedən platformanın konsepsiyaları, prinsipləri haqqında danışıb, “Open Science” praktikasını seminar iştirakçılarına daha yaxından tanıdıb.

 

Sonda mövzu ətrafında geniş müzakirə aparılıb, təlimdə iştirak edən magistr və doktorantlara sertifikat verilib.