Yanvarın 11-də Azərbaycan Milli Konservatoriyasında (AMK) 15 yaşlı istedadlı kamança ifaçısı Hüseyn Nağıyevin “Ömrümün istəyi” adlı solo konserti keçirilib.

 

Tədbir,  görkəmli kaman ifaçısı, Əməkdar artist Ədalət Vəzirovun xatirəsinə həsr olunub. Konsert çərçivəsində gənc ifaçı Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığından əsərlər və muğamlarımızı səsləndirib. İstedadlı gəncin ifaları dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi və İncəsənət gimnaziyasının direktoru Aytən Əhmədova çıxış edərək N. Hüseyni təbrik edib ona uğurlar arzulayıblar.

 

Hüseyn Nağıyev ötən il Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına Gənc Kamança İfaçılarının ikinci respublika müsabiqəsinin qalibi olub. İfaçılıqla yanaşı, o, həm də gənc aktyor kimi də bir sıra uğurlara imza atıb. Belə ki, H. Nağıyev Musiqili Teatrın səhnəsində yaddaqalan obrazlar yaratmağı bacarıb və hazırda bu istiqamətdə işlərini uğurla davam etdirir. Hüseyn Nağıyev 2017-ci ildə mədəniyyət müəssisələri, təhsil və yaradıcı birlikləri arasında təcrübə mübadiləsi yaratmaq və yaradıcı əlaqələrini artırmaq məqsədilə keçirilən İncəsənət Olimpiadasında birinci yer, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə İtaliyanın “Testene Art Baku” Beynəlxalq Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan “Testene Art Baku” ikinci Beynəlxalq İncəsənət Festivalında ikinci yer, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş ümumtəhsil və orta ixtisas məktəblərinin şagird və tələbələri arasında gənc ifaçıların üçüncü Respublika müsabiqəsində isə birinci yerə layiq görülüb. O, 108-ci mövsümün yekunları ilə əlaqədar olaraq Musiqili Teatrda “Mövsümün ən yaxşı uşaq rol ifaçısı” diplomu ilə təltif edilib.

 

Həmçinin qeyd edək ki, N. Hüseyn, AMK tərkibində İncəsənət gimnaziyasının şagirdidir. AMK-nın müəllimi, tanınmış tar ifaçısı Elçin Nağıyevin oğludur.