14 fevral 2026-cı il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Azərbaycan Milli Konservatoriyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan “Nəsillərin dialoqu” adlı silsilənin ikinci konsert proqramı baş tutub.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə giriş sözü ilə çıxış edərək qeyd edib ki, layihənin təşəbbüsü Azərbaycan Milli Konservatoriyasının əsas prioritet istiqamətlərindən olan milli musiqi ənənələrinin qorunması və nəsildən-nəslə ötürülməsi prinsipi ilə tam uyğunluq təşkil edir. Rektor bildirib ki, bu kimi layihələr ustad sənətkarlarla gənc ifaçılar arasında yaradıcılıq varisliyini təmin etməklə peşəkar davamlılığa xidmət edir.
Tədbirdə AMK-nın professor-müəllim və məzun, tələbələrinin, onların yetirmələrinin timsalında dörd nəsli təmsil edən sənətkar şəcərəsi nümayiş olunub.
Ustad qismində Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli, Muğam (xanəndə) kafedrasının müdiri, AMK-nın professoru Mənsum İbrahimov, nəslin davamı kimi AMK-nın dosenti, Əməkdar artist Təyyar Bayramov və onların yetirmələri, Azərbaycan Milli Konservatoriyasının xanəndəlik ixtisası üzrə məzun və tələbələri – IV Muğam Televiziya Müsabiqəsinin laureatı Gülzar Fərəcova, III Muğam Televiziya Müsabiqəsinin qalibi Günay İmamverdiyeva, VIII Muğam Televiziya Müsabiqəsinin qalibi Ülkər Abdullayeva və VI “Muğam Aləmi” Beynəlxalq Muğam Festivalı çərçivəsində Milli Muğam Müsabiqəsinin qalibi Mirəli Sarızadə proqramda iştirak ediblər. IV nəsil nümayəndəsi kimi IX “Muğam” Televiziya Müsabiqəsinin qalibi Əhəd Ağayev iştirak edərək sənət ənənəsinin nəsillərarası davamlılığını nümayiş etdirib.
“Muğamlara səyahət” adlı proqramda sənətçiləri AMK-nın dosentləri – Xalq artisti Elçin Həşimov (tar) və Əməkdar artisti Elnur Əhmədov (kamança), həmçinin Siyavuş Kərimov (nağara), Səyyar Teymurov (zərb alətləri) müşayiət ediblər.
Layihənin sözügedən buraxılışı milli muğam sənətinin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm addım kimi yadda qalıb.


