“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində İçərişəhərdə “Muğam Saatı” adlı interaktiv səs performansı təşkil olunub. İçərişəhərin müxtəlif guşələrində ötən əsrin ortalarında Azərbaycan Dövlət Radiosunda yayımlanan radio proqramında lentə alınmış muğam janrında musiqilər səsləndirilib.
Müxtəlif cihazlardan yayımlanan həmin radio proqramının yazıları İçərişəhər sakinlərində və qonaqlarda xoş təəssürat yaradıb. Layihə, eyni zamanda, İçərişəhəri ziyarət edən əcnəbilərin də böyük marağına səbəb olub. Muğam dinləyən insanların sevinc dolu reaksiyaları lentə alınıb.
“Muğam Saatı” layihəsi 1950–1960-cı illərdə Azərbaycan Dövlət Radiosunda yayımlanan ikonik radio proqramından ilhamlanan instalyasiya və ifaçılıq layihəsidir.
Bu layihə həmin dövrdə əhali arasında son dərəcə məşhur olan ənənəvi musiqi yazılarının müntəzəm yayımlarını əks etdirib və insanlarda nostalji ilə yanaşı, xoşbəxtlik hissləri oyadıb.
“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalı maraqlı və yaddaqalan layihələri ilə davam edir.