Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 26-dək keçiriləcək Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına start verilib.
Festival çərçivəsində ilk konsert tədbiri Azərbaycan Milli Konservatoriyasında (AMK) baş tutub.
Üzeyir Hacıbəylinin anadan olmasının 132-ci ildönü münasibətlə ilk öncə bəstəkarın məzarını ziyarət edən mədəniyyət və incəsənət xadimləri, daha sonra AMK-da keçirilən Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş tədbirə qatılıb.
Tədbirdə çıxış edən AMK-nın rektoru, professor Siyavuş Kərimi, ilk olaraq tədbir iştirakçılarını ‘Milli Musiqi Günü’ münasibətilə təbrik edib. Rektor bidlirib ki, bu gün Azərbaycanın ən gözəl, ən böyük bayramlarından biri, Üzeyir Hacıbəylinin doğum günüdür. Bu gün hər birimiz üçün bayramdır, çünki Üzeyir bəy ona məxsus olan çox gözəl musiqi ilə Azərbaycanda peşəkar musiqinin əsasını qoymuşdur. Bu gün də biz ölkədən kənarda, dünyanın müxtəlif yerlərində onun musiqisini eşidir və onun musiqisini təbliğ edirik.
S.Kərimi bütün musiqiçilərə bu ənənələrə sadiq qalmağı tövsiyə edib.
Daha sonra çıxış etməsi üçün söz Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə verilib.
Ə. Qarayev ilk olaraq AMK-nın müəllim və tələbə heyətini salamlayıb, tədbir iştirakçılarını ‘Milli Musiqi Günü’ münasibətilə təbrik edib. Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətindəki yerinin xüsusi, çox böyük olduğunu diqqətə çatdıran nazir, Üzeyir bəy sayəsində Azərbaycan Milli Musiqisinin böyük bünövrəyə sahib olduğunu bildirib.
Sonra Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Xalq Çalğı Alətləri Orkestrinin ifasında konsert proqramı təqdim olunub.