Azərbaycan Milli Konservatoriyası (AMK) müəlliminin əsəri Nyu-Yorkda səslənib.
Sentyabrın 28-də ABŞ-ın Nyu-york şəhərində, Hellen Mills konsert salonunda Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsertdə AMK-nın müəllimi, gənc bəstəkar Sevinc Balabəyovanın iki romansı səslənib. Şairin sözlərinə yazılmış vokal silsilədən ibarət iki romans, “Təzə ay gördükdə Dilbər” və “Ətrini duyuram səməndən, güldən” adlanır.
Qeyd edək ki, Sevincin həmin iki romansı bu ilin 26 iyun tarixində, Nyu-Yorkda təşkil olunmuş daha bir konsertdə də səsləndirilımişdi.
Həmçinin xatırladaq ki, AMK-nın “Bəstəkarlıq” ixtisası üzrə magistr məzunu Sevinc, hal-hazırda həmin ali məktəbin “Dirijorluq” kafedrasının müəllimidir. Azərbaycanın tanınmış bəstəkarları, Xalq artisti Vasif Allahverdiyev və Əməkdar artist Ceyhun Allahverdiyevin tələbəsidir.