Oktyabrın 28-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Milli vokal” kafedrasının konserti keçirilib.

 

Tədbir,  AMK-nın 20, rektor, Xalq artsiti Siyavuş Kəriminin isə 65 illik yubileyinə həsr olunub.

 

Tədbirdə “Milli vokal” kafedrasının müəllimləri, Əməkdar artistlər Zenfira İsmayılova və Əliəhməd İbrahimovun tələbələri ilə birgə konsert proqramı təqdim olunub.

 

Tədbiri giriş sözü ilə kafedranın müdiri, Xalq artisti Azər Zeynalov açıq elan edib. O, hər iki yubiley münasibətilə, rektor Siyavuş Kərimini və ali məktəbin bütün üzvlərini təbrik edib. Daha sonra konsertin yükünü üzərinə götürmüş hər iki müəllimdən danışıb və onları səhnəyə dəvət edib.

 

Tədbir bədii hissə ilə davam edib. Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib. Böyük maraqla qarşılanıb.

 

İfaçıları AMK-nın müəllimləri, Naibə Şahməmmədova, Nigar Hüseynova, İradə Feyzullayeva müşaiət ediblər.

 

Tədbirin sonunda rektor Siyavuş Kərimi çıxış edərək, bütün konsert iştirakçılarını təbrik edib, onlara təşəkkürünü bildirib. Rektor son günlərdə konservatoriyada bayram əhval-ruhiyyəsi hiss etdiyini və bundan böyük zövq aldığını söyləyib. “Belə də olmalıdır, bizə yaraşan da budur. Tələbələrimiz səhnədə olmalı, Milli Konservatoriya daim konsertlər, tədbirlərlə ictimaiyyətin diqqətində olmalıdır. Bu, daha da inkişaf etmək, irəliyə doğru getmək üçün ilk növbədə bizə lazımdır” deyə rektor bildirib.

 

Çıxışın ardından tədbirə yekun vurulub.